“Od qapıları açıq qalacaq”
Qüds Qüvvəsi yaydığı bəyanatda düşmənə qarşı mübarizəni davam etdirəcəyini və “od qapılarını açıq saxlayacağını” bildirib. Qurum vurğulayıb ki, qarşı tərəf məğlub edilənədək əməliyyatlar dayandırılmayacaq.
Bəyanatda qeyd olunub ki, ABŞ administrasiyası və İsrail beynəlxalq hüquq normalarını pozaraq İrana hücum edib. Qurum bu hücumların nəticəsində ölkənin ali rəhbəri və bir sıra yüksək vəzifəli şəxslərin hədəf alındığını iddia edib.
Şəhid Ayətullah Seyid Əli Xameneiyə hücum
Açıqlamada Şəhid Ayətullah Seyid Əli Xameneiyə qarşı hücumun bütün “qırmızı xətlərin” aşılması kimi qiymətləndirildiyi vurğulanıb. “Qüds” Qüvvəsi bunu beynəlxalq hüququn və humanitar prinsiplərin kobud şəkildə pozulması adlandırıb.
Qurumun bəyanatında bildirilib ki, baş verənlərə baxmayaraq, İran və “müqavimət cəbhəsi” zəifləməyib, əksinə daha da möhkəmlənib. Mübarizənin davam etdirilməsi “vəzifə” kimi təqdim olunub.
“Düşmən heç yerdə təhlükəsiz olmayacaq”
Bəyanatda qeyd edilib ki, qarşı tərəf artıq özünü təhlükəsiz hiss etməyəcək və “xoş günlərin” sona çatdığı vurğulanıb. Qurum mübarizənin “qlobal hegemonluq və sionizmə” qarşı davam etdiriləcəyini bildirib.
“Qüds” Qüvvəsi rəhbər və döyüşçüləri adından verilən açıqlamada qarşı tərəfə qarşı əməliyyatların davam edəcəyi və “məzlumların qisasının alınacağı” ifadə olunub.
“Sadiq Vəd 4” əməliyyatı çərçivəsində zərbələr
İran İslam İnqilabı Keşikçiləri Korpusu indiyədək “Sadiq Vəd 4” əməliyyatı çərçivəsində 12 raket mərhələsinin həyata keçirildiyini açıqlayıb. Bildirilir ki, bu zərbələr İsrail ərazisi və regiondakı ABŞ maraqları və bazalarını hədəf alıb.
Rəsmi Tehran ABŞ və İsrailin son hücumlarını genişmiqyaslı təcavüz kimi qiymətləndirir və buna cavab olaraq hərbi əməliyyatların davam etdirildiyini bəyan edir.
Regional gərginlik pik həddə
Qərbi Asiyada qarşıdurmanın genişlənməsi fonunda verilən bu bəyanat regionda gərginliyin daha da artdığını göstərir. Analitiklər hesab edirlər ki, qarşılıqlı təhdidlər və hücumlar silsiləsi vəziyyəti nəzarətdən çıxara bilər.
Beynəlxalq ictimaiyyət isə tərəfləri gərginliyi azaltmağa və diplomatik həll yollarına üstünlük verməyə çağırır.
