“Rəstaxiz” raketi barədə nə məlumdur?
Son həftə və aylarda İranın yeni strateji raketi kimi təqdim edilən “Rəstaxiz”, yəni “Dirçəliş” adı regional hərbi müzakirələrdə daha çox hallanmağa başlayıb. Müxtəlif media orqanları, siyasi şəxslər və hərbi mövzular üzrə şərhçilər bu sistemin İranın yeni strateji imkanlarından biri olduğunu bildirirlər.
Bununla yanaşı, İran Silahlı Qüvvələrinin Baş Qərargahı, Müdafiə Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri indiyədək “Rəstaxiz” adlı və haqqında danışılan xüsusiyyətlərə malik raketi rəsmən təqdim etməyib.
Bu səbəbdən raketin texniki göstəricilərinə dair məlumatlar əsasən mediada yayılan məlumatlara və ayrı-ayrı rəsmilərin açıqlamalarına əsaslanır.
Mənzili 10-12 min kilometrə çata bilər
“Rəstaxiz”lə bağlı ən çox diqqət çəkən göstəricilərdən biri onun uçuş məsafəsidir. Yayılan məlumatlara əsasən, raketin 10 min kilometrdən 12 min kilometrədək məsafədə yerləşən hədəflərə çatmaq imkanına malik olduğu bildirilir.
“Rəstaxiz” qitələrarası raket sinfinə daxil ola bilər
10-12 min kilometrlik uçuş məsafəsi “Rəstaxiz”i qitələrarası ballistik raket kateqoriyasına daxil edə bilər.
İranın indiyədək ictimaiyyətə təqdim etdiyi ballistik raketlərlə müqayisədə bu göstərici ölkənin strateji raket imkanlarında mühüm dəyişiklik hesab oluna bilər.
Məlumatlara görə, raketin uzunluğu təxminən 14 metr, çəkisi isə 27 tondur. Onun bərk yanacaqla işlədiyi bildirilir.
Müqayisə üçün İranın “Seccil” raketi də bərk yanacaq texnologiyasından istifadə edir və Tehran uzun illərdir bu sahədə texnoloji imkanlarını inkişaf etdirir.
İranın kosmik proqramı diqqət mərkəzindədir
“Rəstaxiz”in texniki imkanları qiymətləndirilərkən İranın kosmik proqramına da xüsusi diqqət yetirilir.
Xüsusilə “Qaim-100” kimi bərk yanacaqla işləyən kosmik daşıyıcıların hazırlanması İranın böyük raket mühərrikləri, çoxmərhələli sistemlər və kompozit materiallar sahəsində ciddi texnoloji imkanlara malik olduğunu göstərir.
Qitələrarası məsafələrə çata bilən raketlərin hazırlanmasında mühərrik texnologiyası ilə yanaşı, döyüş başlığının atmosferə yenidən daxilolması, yüksək dəqiqlikli istiqamətləndirmə və sistemin etibarlılığı da mühüm rol oynayır.
Elektromaqnit döyüş başlığı diqqət çəkir
“Rəstaxiz”lə bağlı ən çox müzakirə olunan xüsusiyyətlərdən biri raketin iki fərqli döyüş başlığı daşımasıdır.
Yayılan məlumatlarda bunlardan birinin yüksək güclü adi partlayıcı, digərinin isə nüvə partlayışına əsaslanmayan elektromaqnit impulsu yaradan döyüş başlığı olduğu bildirilir.
80 kvadratkilometrlik təsir sahəsi
Raketin təxminən 80 kvadratkilometrlik əraziyə təsir göstərə biləcəyi qeyd olunur.
Bu göstəricinin adi partlayıcı döyüş başlığının fiziki dağıntı sahəsindən daha çox elektromaqnit təsir zonasını ifadə etdiyi qiymətləndirilir.
Elektromaqnit impulsunun əsas xüsusiyyəti genişmiqyaslı fiziki dağıntı yaratmadan elektron avadanlıqlara, rabitə sistemlərinə, radar şəbəkələrinə, elektrik infrastrukturuna və digər həssas texnoloji sistemlərə ciddi təsir göstərə bilməsidir.
Belə bir texnologiya müasir müharibələrdə qarşı tərəfin rabitə və idarəetmə imkanlarını zəiflədə biləcək strateji vasitələrdən biri hesab olunur.
“Rəstaxiz” döyüşlərdə istifadə olunmayıb
Mövcud məlumatlara əsasən, “Rəstaxiz” raketi indiyədək İranın həyata keçirdiyi hərbi əməliyyatlarda istifadə edilməyib.
Sistemin İran Silahlı Qüvvələrinin açıq şəkildə elan edilmiş raket arsenalına daxil edilməsi barədə də rəsmi açıqlama verilməyib.
Bununla belə, İranın son illərdə raket və aerokosmik texnologiyalar sahəsində əldə etdiyi nəticələr “Rəstaxiz”in müzakirə olunan texniki xüsusiyyətlərini hərbi ekspertlərin diqqət mərkəzində saxlayır.
İranın raket strategiyasında yeni mərhələ
İran son illərdə bərk yanacaq mühərrikləri, hipersəs texnologiyaları, kosmik daşıyıcılar, kompozit materiallar və müxtəlif mənzilli ballistik raketlər sahəsində proqramlarını genişləndirib.
“Rəstaxiz”in 10-12 min kilometrlik uçuş məsafəsi və elektromaqnit döyüş başlığı ilə silahlanması İranın raket imkanlarının regional səviyyədən qitələrarası səviyyəyə yüksəlməsi baxımından mühüm dəyişiklik ola bilər.
Belə bir sistemin İran Silahlı Qüvvələrinin arsenalına daxil edilməsi Tehranın hərbi çəkindirmə imkanlarının coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirə və regiondakı strateji güc balansına yeni amil əlavə edə bilər.
