İrandan Güc Nümayişi: “Xürrəmşəhr-4” Hipersəs Raketi Üzə Çıxarıldı

2 Dəq Oxuma Müddəti

Yeni raket şəhərində “Xürrəmşəhr-4” xidmətə daxil edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri “Xürrəmşəhr-4” adlı hipersəs ballistik raketi rəsmi olaraq raket şəhərlərində xidmətə daxil edib. Bu barədə məlumat yeni raket şəhərinin təqdimat mərasimi zamanı açıqlanıb.

Tədbirdə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və Aerokosmik Qüvvələrin komandanı briqada generalı Məcid Musəvi iştirak ediblər. Təqdimat İranın hərbi potensialının nümayişi kimi qiymətləndirilib.

“Xürrəmşəhr-4”ün texniki göstəriciləri

Məlumata görə, “Xürrəmşəhr-4” raketi İranın ən inkişaf etmiş ballistik raketlərindən biri hesab olunur. Raketin uçuş məsafəsi 2000 kilometrdir. Onun döyüş başlığı 1500 kiloqram ağırlığındadır və hədəfi təxminən 30 metr dəqiqliklə vurmaq imkanına malikdir.

Rəsmi mənbələr “Xürrəmşəhr-4”ü İranın effektiv çəkindirmə strategiyasının əsas sütunlarından biri kimi təqdim edirlər. Raketin yüksək dağıdıcı gücü və dəqiqliyi onu strateji silahlar sırasında önə çıxarır.

Hipersəs sürət və müdafiə sistemlərinə qarşı üstünlük

“Xürrəmşəhr-4” raketinin əsas üstünlüklərindən biri onun çox yüksək sürətə malik olmasıdır. Bildirilir ki, raket atmosferdən kənarda 16 max, atmosfer daxilində isə 8 max sürətinə çata bilir. Bu isə hava hücumundan müdafiə sistemlərinin reaksiya müddətini minimuma endirir.

Bundan əlavə, raket manevr edə bilən döyüş başlığı (MaRV) ilə təchiz olunub. Orta mərhələdə yönləndirmə, azaldılmış radar izi və elektron müharibəyə qarşı yüksək davamlılıq xüsusiyyətləri raketin hədəfi yarma qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.

Yeni hərbi doktrina və danışıqlar fonu

Raket şəhərinin və “Xürrəmşəhr-4”ün təqdimatı İran Silahlı Qüvvələrinin müdafiə xarakterli doktrinadan hücum yönümlü doktrinaya keçdiyini elan etməsi ilə eyni vaxta təsadüf edib. Bu dəyişiklik regionda və beynəlxalq aləmdə diqqətlə izlənilir.

Eyni zamanda, bu addım İranla ABŞ arasında Omanda, Maskat şəhərində keçirilməsi planlaşdırılan dolayı danışıqlar ərəfəsində baş verib. Analitiklər təqdimatı Tehran tərəfindən siyasi və hərbi mesaj kimi dəyərləndirirlər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş