İsrail üçün casusluq işi Kərəcdə məhkəmədə araşdırılır
İranın Kərəc şəhərində İsrail üçün casusluqda ittiham edilən şəxsin işi üzrə yeni detallar açıqlanıb. Əlburz vilayətinin baş prokuroru Hüseyn Fazili Herikəndi bildirib ki, ikiqat vətəndaşlığı olan və Avropanın bir ölkəsində yaşayan təqsirləndirilən şəxs 12 günlük müharibənin dördüncü günü SEPAH-ın Əlborz kəşfiyyat bölməsi tərəfindən müəyyən edilərək saxlanılıb.
Məlumata görə, aparılan araşdırmalar və sənədlər şübhələnin Mossad əməkdaşları ilə dəfələrlə görüşdüyünü, hətta işğal olunmuş ərazilərdə xüsusi təlim keçdiyini təsdiqləyir. O, Mossad zabitləri ilə iki il davam edən əlaqə və hazırlıq prosesindən sonra bir neçə Avropa paytaxtında və işğal altındakı torpaqlarda təlimlər alıb.
Şübhəli əməliyyat üçün bir ay əvvəl ölkəyə daxil olub
İran Baş prokurorun sözlərinə görə, təqsirləndirilən şəxs müharibədən təxminən bir ay əvvəl hava yolu ilə İrana daxil olub və məxfi tapşırığı yerinə yetirmək üçün ölkədə mövqe tutub.
Onun saxlanıldığı zaman və yaşadığı villada aparılan axtarışlar nəticəsində mürəkkəb casus və izləmə avadanlıqları, müxtəlif texniki qurğular və məlumat ötürmə cihazları aşkarlanıb.
Casusluq ittihamı ilə məhkəmə prosesi başladı
Fazili Herikəndi bildirib ki, hadisə ilə bağlı məhkəmə araşdırması Kərəc İnqilab Məhkəməsinin 2-ci şöbəsində başlayıb. Təqsirləndirilən şəxs barəsində irəli sürülən ittiham “Sionist rejiminin sülh və təhlükəsizliyə qarşı düşmənçilik fəaliyyətlərinə dair qanunun 6-cı maddəsinə uyğun olaraq İsrail rejimi xeyrinə casusluq və məlumat əməkdaşlığı” kimi təsnif edilib.
Məhkəmə prosesinin gedişində ittiham tərəfinin təqdim etdiyi sübutlar – Mossadla əlaqələr, xaricdə keçirilən təlimlər və aşkarlanan casus avadanlıqları – təfsilatı ilə araşdırılacaq.
