“The Gray Zone” Təl-Əvivin altındakı sirri üzə çıxardı
ABŞ-da fəaliyyət göstərən “The Gray Zone” platforması İsraildə apardığı təhqiqat nəticəsində Təl-Əvivin mərkəzində gizli hərbi obyektin mövcudluğunu aşkara çıxarıb. Məlumata görə, “Məkan 81” (“Site 81”) adlanan bu yeraltı kompleks İsrail və ABŞ ordularının birgə idarəetmə və kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərib.
Araşdırmada qeyd edilir ki, obyekt “Dafenşi” yaşayış kompleksinin altında, şəhərin ən sıx məhəllələrindən birində yerləşir. Məhz həmin ərazi 13 iyun 2024-cü ildə İranın raket hücumları zamanı hədəflərdən biri olub.
ABŞ dəstəyi ilə inşa edilən gizli obyekt
Sızdırılmış sənədlər, elektron yazışmalar və İsrail mənbələri göstərir ki, “Məkan 81” elektromaqnit dalğalarına qarşı qoruma sisteminə malikdir və ciddi təhlükəsizlik nəzarəti altında saxlanılır. Layihə ABŞ tərəfindən maliyyələşdirilib, ümumi sahəsi isə 6000 kvadratmetrdir.
İran hücumundan dərhal sonra İsrail təhlükəsizlik qüvvələri əraziyə nəzarəti tam ələ alıb, jurnalistlərin yaxınlaşmasına və görüntü çəkməsinə qadağa qoyub. Xüsusilə Müdafiə Nazirliyi və “Azrieli” kompleksinin ətrafında sərt təhlükəsizlik rejimi tətbiq edilib.
“Qal’a Sion”la bağlı gizli bağlantı
“The Gray Zone”ın məlumatına görə, “Məkan 81” İsrailin illər əvvəl tikdiyi “Hov” adlı yeraltı hərbi mərkəzin davamıdır. Bu mərkəz sonradan “Qal’a Sion” (“Fort Zion”) adlanan daha dərin yeraltı qərargah kompleksinə çevrilib.
Beynəlxalq hüququn pozulması iddiaları
Ekspertlər bildirirlər ki, yaşayış məntəqələrinin altında hərbi obyektlərin yerləşdirilməsi beynəlxalq humanitar hüququn pozulması deməkdir. İsrail isə uzun illərdir öz rəqiblərini “sivil ərazilərdən qalxan kimi istifadə etməkdə” ittiham edir.
“The Gray Zone”ın təqdim etdiyi sənədlər, əslində, İsrail ordusunun mülki infrastrukturun içində fəaliyyət göstərdiyini sübut edir. Bu ifşa regionda gərginliyi daha da artıraraq İsrailin hərbi strategiyasını yenidən gündəmə gətirib.