SEPAH-dan sərt xəbərdarlıq
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Sadiq Vəd 2” əməliyyatının ildönümü münasibətilə yaydığı bəyanatda bildirib ki, bu əməliyyat sadəcə İsrailin hücumlarına cavab olmayıb, həm də strateji mesaj daşıyıb.
Bəyanatda qeyd olunub: “Bu əməliyyat yalnız sərt cəza deyildi, həm də artıq təhdidlərin cəzasız qaldığı dövrün bitdiyini dünyaya göstərdi. İsrailin yeni bir səhvi əvvəlkindən daha dəqiq, daha ağır və daha ölümcül zərbələrlə cavablanacaq.”
Strateji hədəflər vurulub
İran bildirir ki, əməliyyat raket və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib və işğal altındakı Fələstin ərazilərinin dərinliyində yerləşən strateji mərkəzləri hədəf alıb. SEPAH bu gücü “İranın milli təhlükəsizliyinin və qürurunun əsas dayağı” adlandırıb.
İsrailin hava müdafiəsi iflasa uğradı
Bəyanatda xüsusi olaraq vurğulanıb ki, əməliyyat “Dəmir Qübbə”, “Ox” və “Davidin Sapanı” kimi ABŞ və Qərbin dəstəyi ilə işləyən İsrail müdafiə sistemlərinin uğursuzluğunu açıq şəkildə ortaya qoyub. “Bu sistemlər İran raketlərinin dəqiqliyi qarşısında təsirsiz qaldı və öz etibarını itirdi,” – deyə qeyd olunub.
Media manipulyasiyası ifşa edildi
SEPAH əlavə edib ki, İsrailin təbliğat kampaniyaları reallığı gizlətməyə kifayət etməyib, çünki zərbələr hədəflərinə tam dəqiqliklə çatıb və İsrailin “caydırıcılıq gücünü” sındırıb.
Əvvəlki əməliyyatların davamı
Xatırladaq ki, “Sadiq Vəd-2” əməliyyatı 2024-cü ilin oktyabrında həyata keçirilib. İran bu əməliyyatı Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın, Qüds Qüvvələrinin Livan üzrə məsulu general Abbas Nilfurushan və HƏMAS-ın siyasi büro rəhbəri İsmayıl Haniyyənin İsrail tərəfindən qətlə yetirilməsinə cavab olaraq başlatmışdı.
Bundan əvvəl, 2024-cü ilin aprelində keçirilən “Vəd Sadiq 1” əməliyyatı isə İsrailin Dəməşqdəki İran konsulluğuna hücumuna cavab olaraq genişmiqyaslı raket və dron hücumları ilə həyata keçirilmişdi.