BMT-də sərt mesaj
Kazım Qəribabadi bildirib ki, İran heç bir müharibəyə başlayan tərəf olmayacaq, lakin öz suverenliyini bütün gücü ilə müdafiə edəcək. O vurğulayıb: “İrana qarşı müharibəni düşmənlər başlada bilər, amma onu bitirmək qərarı onların əlində olmayacaq”.
İran rəsmisi əlavə edib ki, ölkəsinə qarşı mümkün hərbi əməliyyatın təsirləri yalnız iki tərəflə məhdudlaşmayacaq və daha geniş regional nəticələr doğura bilər.
“Düşmənlər başqa ssenariyə əl atır”
Qəribabadi BMT-nin insan hüquqları ilə bağlı toplantısında çıxışı zamanı qeyd edib ki, İranın düşmənləri əvvəlki təcavüz cəhdlərində məğlub olduqları üçün indi başqa üsullara əl atırlar. Onun sözlərinə görə, məqsəd daxildə qarışıqlıq yaratmaq, iğtişaşları qızışdırmaq və dinc etirazlardan sui-istifadə etməklə yeni hərbi ssenariyə zəmin hazırlamaqdır.
O bildirib ki, İran xalqı və dövləti istənilən təxribat və “sui-qəsd planı”na qarşı qətiyyətlə dayanacaq.
Nüvə danışıqları fonunda açıqlama
Bəyanat İranla ABŞ arasında mümkün danışıqlar fonunda səsləndirilib. Məlumata görə, ABŞ rəsmisi “Axios” nəşrinə açıqlamasında Vaşinqtonun yaxın günlərdə Cenevrədə yeni danışıqlar mərhələsinə hazır olduğunu bildirib. Şərt kimi isə İran tərəfindən 48 saat ərzində nüvə sazişi ilə bağlı detallı təklifin təqdim edilməsi göstərilib.
Qəribabadinin çıxışı regionda artan gərginlik və mümkün hərbi ssenarilərlə bağlı müzakirələrin intensivləşdiyi bir vaxta təsadüf edir. İran tərəfi isə mövqeyinin dəyişmədiyini, diplomatik yolun açıq olduğunu, lakin hərbi təhdidlərə qarşı sərt cavab veriləcəyini bəyan edir.
