İran ABŞ-la danışıqlara hazır olmadığını açıqladı
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün, çərşənbə günü Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında ABŞ-la danışıqlarla bağlı mövqeyini açıqlayıb. O, ABŞ prezidenti Donald Trampın İrana qarşı müdaxilə xarakterli açıqlamalarına və iğtişaş törədənlərə verdiyi dəstəyə toxunaraq bildirib ki, İranın daxili məsələləri yalnız İran xalqına aiddir və kənar qüvvələrin bu məsələlərə qarışmağa haqqı yoxdur.
Nazir vurğulayıb ki, ölkə daxilində dövlət və cəmiyyət arasında dialoq və qarşılıqlı anlaşma prosesi davam edir və bu məsələlər xarici aktorların müdaxiləsi olmadan həll olunmalıdır.
“Hazırda ABŞ-la danışıqlar üçün şərait yoxdur”
Seyid Abbas Əraqçi açıq şəkildə bəyan edib ki, ABŞ-ın mövcud siyasəti fonunda bu ölkə ilə danışıqlar aparmaq üçün münasib şərait mövcud deyil. Onun sözlərinə görə, İran heç vaxt danışıqlar masasını tərk etməyib və daim qarşılıqlı hörmət və ortaq maraqlar əsasında dialoqa hazır olub.
Bununla belə, nazir qeyd edib ki, hazırkı mərhələdə ABŞ administrasiyası tərəfindən belə bir yanaşma müşahidə olunmur. Əraqçi bildirib ki, Vaşinqtonun mövqeyi dəyişmədiyi müddətcə danışıqların bərpası real görünmür.
İran–Livan münasibətləri gündəmdə
Xarici işlər naziri jurnalistlərin yaxın günlərdə Livana planlaşdırılan səfəri ilə bağlı sualını da cavablandırıb. O bildirib ki, sabah Livana səfər edəcək və bu səfər çərçivəsində onu iqtisadi heyət müşayiət edəcək.
Əraqçi vurğulayıb ki, İranın Livanla münasibətləri tarixi xarakter daşıyır və bu əlaqələr yalnız müəyyən siyasi dairələrlə deyil, Livan dövləti və cəmiyyətinin bütün təbəqələri ilə əhatəlidir. Onun sözlərinə görə, Tehran bu münasibətləri daha da genişləndirmək niyyətindədir və qarşı tərəfdə də bu istiqamətdə maraq mövcuddur.
İqtisadi diplomatiya prioritet elan edilib
Nazir çıxışında Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya sahəsində fəaliyyətinə də toxunub. O bildirib ki, iqtisadi diplomatiya üzrə müavinlik hazırda nazirliyin ən aktiv strukturlarından biridir.
İraqçinin sözlərinə görə, İran xüsusilə qonşu ölkələrlə ticarət əlaqələrinin və iqtisadi əməkdaşlığın inkişafına böyük önəm verir. Bu məqsədlə “əyalət diplomatiyası” adlı mexanizm işə salınıb ki, bu da ölkə əyalətlərinin potensialını qonşu dövlətlərin imkanları ilə uyğunlaşdırmağa xidmət edir.
Sanksiyaların aradan qaldırılması gündəmdə qalır
Xarici işlər naziri əlavə edib ki, İran sanksiyaların aradan qaldırılması istiqamətində səylərini də davam etdirir. Onun sözlərinə görə, hər hansı imkan yarandığı halda bu proses “ləyaqətli və şərəfli şəkildə” həyata keçiriləcək.
İraqçi vurğulayıb ki, İran həm daxili imkanlarını, həm də regional iqtisadi potensialı birləşdirməklə mövcud çətinliklərin öhdəsindən gəlməyi hədəfləyir.
