İran Xəbərdarlıq Etdi: “Topyekun Müharibə Baş Verər”

4 Dəq Oxuma Müddəti

ABŞ Qərbi Asiyadakı bazalarına hərbi yığıncağı artırır. USS Lincoln təyyarədaşıyan gəmisi də bölgədədir. İsrailə uçuşlar dayandırılıb. Bütün bunlar baş verərkən İran, hər hansı bir hücum halında tammiqyaslı cavab veriləcəyi barədə xəbərdarlıq edib.

Bölgədə gərginlik yüksəlir. ABŞ və İsrail hərbi yığınağı artırıb. İran isə “əsla cəhd etməyin” xəbərdarlığı ilə çıxış edib. İranlı yüksək səviyyəli bir rəsmi dünən Reuters agentliyinə verdiyi müsahibədə, “ölkəsinə qarşı istənilən hücumu topyekun müharibə kimi qiymətləndirəcəyini” bildirib. İsrail isə İranın mümkün qabaqlayıcı hücumundan narahatdır.

MÜDAFİƏ GÜCLƏNDİRİLİR

IntelSky platformasının analitiki Telal Nahlenin cümə günü yayımladığı son hesabatına görə, İrana qarşı əməliyyat hazırlıqları kritik mərhələyə çatıb. İsfahandakı nüvə bölgəsi ilə bağlı rabitə kəsintisinə dair NOTAM qüvvəyə minib. Bu vəziyyətin əməliyyatın yaxın olduğuna işarə etdiyi bildirilir. İsrail ordusu “Amerika hücumu üçün hazırlıqlarımızı tamamladıq” açıqlaması ilə mümkün cavab zərbəsinə qarşı müdafiəsini gücləndirdiyini elan edib. Nahlenin təhlilində həftəsonu üçün hər şeyin sinxronlaşdırıldığı və genişmiqyaslı hücumun planlaşdırıldığı vurğulanır. Hədəflər arasında İranın hava hücumundan müdafiə sistemləri, komanda-nəzarət mərkəzləri, nüvə proqramı obyektləri və raket platformaları yer alır.

“ƏN PİS SƏNARİYƏ TAM HAZIRIQ”

Reuters-ə danışan iranlı rəsmi, ABŞ-ın hərbi gücünü artırmasının “real münaqişə məqsədi daşımadığını” ümid etdiyini bildirərək, İran silahlı qüvvələrinin ən pis ssenariyə tam hazır olduğunu və ölkənin həyəcan səviyyəsinin zirvəyə çatdığını vurğulayıb.

Rəsmi əlavə edib ki, bu dəfə “məhdud və ya genişmiqyaslı, cərrahi və ya kinetik, yaxud başqa ad altında” həyata keçirilən hər cür hücum İran tərəfindən topyekun müharibə kimi dəyərləndiriləcək və cavab “mümkün olan ən sərt şəkildə” veriləcək.

Bu çərçivədə iranlı rəsmi, ABŞ-ın İranın suverenliyinə və ya ərazi bütövlüyünə yönəlmiş istənilən pozuntusunun, mahiyyəti fərq etmədən cavabsız qalmayacağını təsdiqləyib.

Rəsmi qeyd edib ki, daimi hərbi təhdid altında olan bir ölkənin “İrana hücum etməyə cəsarət edən istənilən tərəfə qarşı bütün imkanlarını səfərbər edərək cavab verməkdən və tarazlığı yenidən bərpa etməyə çalışmaqdan başqa yolu yoxdur”.

“CAVABI MEYDANDA ALACAQLAR”

İslam İnqilabı Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələri Komandanı briqada generalı Seyyid Macid Musevi də Milli Qvardiya Günü münasibətilə keçirilən toplantıda Trampın təhdidlərinə qəti və sərt cavab veriləcəyini bildirib. Musevi deyib: “Tramp çox danışır, amma alacağı cavabın meydanda olacağına əmin olmalıdır.”

Briqada generalı Musevi təxminən iki həftə əvvəl verdiyi açıqlamada Hava-Kosmik Qüvvələrin müdafiə hazırlıq səviyyəsinin ən yüksək həddə çatdığını və İslam Respublikasına qarşı hər cür hücumu darmadağın etməyə hazır olduqlarını bildirmişdi. Musevi 12 günlük müharibədə üzə çıxan bütün müdafiə boşluqlarının tamamilə aradan qaldırıldığını qeyd edərək, “İnqilab Keşikçiləri Hava-Kosmik Qüvvələri hazırda ən yüksək döyüş hazırlığı səviyyəsindədir” demişdi.

Bu kontekstdə, İnqilab Keşikçiləri Komandanı general-mayor Məhəmməd Baqpur da cümə axşamı verdiyi açıqlamada “barmaq tətikdədir” ifadəsini işlədərək, hərbi hazırlığın indiyədək görünməmiş səviyyəyə çatdığını vurğulayıb.

QABAQLAYICI HÜCUM

Digər tərəfdən İsrail mediası, ABŞ-ın bölgədə hərbi fəallığı davam edərkən, İranın mümkün ABŞ hücumuna qarşı İsrailə “qabaqlayıcı hücum” təşkil edə biləcəyindən narahat olunduğunu yazıb. İsrailin Kanal 12 televiziya kanalı, İranın yaxın zamanda hədəfə alınacağına dair gözləntilərin artması fonunda İsraildə təhlükəsizlik narahatlıqlarının yüksəldiyini bildirib. Təhlükəsizlik qurumlarının qiymətləndirmələrinə istinad edilən xəbərdə, İsraildəki narahatlığın “səhv hesablamalar ssenarisi” üzərində cəmləşdiyi qeyd olunub. Buna görə, İran ABŞ-ın hücum qərarını artıq verdiyinə inanarsa, ABŞ İrana hücum etməmişdən əvvəl İranın İsrailə qarşı qabaqlayıcı zərbə endirə biləcəyindən ehtiyat edildiyi bildirilib. Xəbərdə həmçinin İsrailin, ABŞ-ın İrana qarşı hərbi variantının danışıqlardan daha real hesab edildiyini düşündüyü qeyd olunub.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş