İran Vaşinqtonun Müdaxiləçi Bəyanatlarını Qınadı

3 Dəq Oxuma Müddəti

İran XİN-dən sərt reaksiya

İranın Xarici İşlər Nazirliyi çərşənbə günü yaydığı rəsmi bəyanatda ABŞ rəsmilərinin İran daxilindəki proseslərlə bağlı səsləndirdiyi “müdaxiləçi və yanıldıcı” açıqlamaları qətiyyətlə pisləyib. Nazirlik bu bəyanatları ABŞ-ın İran xalqına qarşı uzun illərdir davam etdirdiyi düşmənçilik və nifrət siyasətinin açıq göstəricisi kimi dəyərləndirib. Rəsmi mövqedə qeyd olunub ki, Vaşinqtonun bu cür açıqlamaları İran cəmiyyətinin rifahına və təhlükəsizliyinə hər hansı qayğıdan irəli gəlmir.

“Maksimum təzyiq” siyasətinin davamı

XİN-in bəyanatında vurğulanıb ki, ABŞ-ın mövqeyi “maksimum təzyiq” strategiyasının tərkib hissəsidir. Tehran hesab edir ki, bu siyasət təhdid, təzyiq və İranın daxili işlərinə açıq müdaxilə üzərində qurulub. Nazirlik bildirir ki, məqsəd ölkə daxilində zorakılığın və terrorun təşviqi, xaosun yayılması və ictimai təhlükəsizliyin pozulmasıdır. İran tərəfi bu cür yanaşmaların beynəlxalq hüquqa zidd olduğunu və regional sabitliyə zərbə vurduğunu xüsusi qeyd edib.

Dinc etirazlara münasibət

Bəyanatda İran vətəndaşlarının dinc etiraz hüququnun tanındığı da diqqətə çatdırılıb. Xarici İşlər Nazirliyi bildirib ki, İran hakimiyyəti vətəndaşların qanuni və əsaslı tələblərinin qanun çərçivəsində həlli üçün bütün imkanlardan istifadə edəcək. Rəsmi Tehran bu mövqeyi ilə daxili dialoqa və hüquqi mexanizmlərə sadiqliyini nümayiş etdirdiyini vurğulayır.

İqtisadi böhranın əsas səbəbi nədir?

Nazirlik açıqlamasında ölkədəki iqtisadi çətinliklərin əsas səbəbinin ABŞ-ın İrana qarşı apardığı genişmiqyaslı iqtisadi müharibə olduğunu bildirib. Qeyd edilib ki, qeyri-qanuni sanksiyalar İran xalqına birbaşa təsir göstərir və sosial-iqtisadi problemləri dərinləşdirir. Bununla yanaşı, Vaşinqtonun psixoloji və informasiya müharibəsi apardığı, saxta xəbərlər və yanlış məlumatlar yaydığı, hərbi müdaxilə ilə hədələdiyi və zorakılığı təşviq etdiyi vurğulanıb.

Milli birlik və müqavimət çağırışı

XİN bəyanatın sonunda İran xalqının tarixi boyu çoxsaylı sınaqlardan üzüağ çıxdığını xatırladıb. Bildirilib ki, İran cəmiyyəti öz milli və İslam irsinə sadiq qalaraq xarici müdaxilələrə qarşı milli birliyi daha da gücləndirəcək və ABŞ siyasətinin ölkənin müstəqilliyinə, suverenliyinə və ləyaqətinə xələl gətirməsinə imkan verməyəcək.

Trampın açıqlamaları fonunda gərginlik

Xatırladaq ki, ABŞ prezidenti Donald Trump daha əvvəl İranda baş verən hadisələrə müdaxilə ilə hədələyib. O, bunu “etirazçıları qorumaq” məqsədi ilə əsaslandıraraq, əgər İran hakimiyyəti dinc nümayişçilərə qarşı zorakılıq tətbiq edərsə, ABŞ-ın müdaxilə edəcəyini iddia edib. Tehran isə bu cür bəyanatları İran-ın daxili işlərinə açıq müdaxilə kimi qiymətləndirir

Bu Xəbəri Paylaş
Şərh edilməmiş