İran İslam Respublikasının xarici işlər naziri Seyyid Abbas İraqçi ilə Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi arasında telefon danışığı baş tutub. Danışıq zamanı ikitərəfli münasibətlər və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılıb.
İran və Çin xarici işlər nazirləri iki ölkə arasında mövcud olan hərtərəfli münasibətlərdən və 25 illik əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilən qarşılıqlı təmaslardan məmnunluqlarını ifadə edərək, hər iki ölkə rəhbərliyinin ortaq maraq doğuran bütün sahələrdə əlaqələri daha da gücləndirmək və inkişaf etdirmək istiqamətində qətiyyətli olduğunu vurğulayıblar.
İran xarici işlər naziri ölkədə son dövrlərdə baş verən hadisələrə toxunaraq, təlim keçmiş terror ünsürlərinin dinc etirazlara sızması və aksiyaların zorakılığa sürüklənməsi fonunda formalaşan vəziyyət barədə məlumat verib. İraqçi sionist rejim və ABŞ tərəfindən dəstəklənən İŞİD-ə bənzər terrorizmə qarşı İran İslam Respublikasının vətəndaşlarının təhlükəsizliyini qorumaq mövzusunda qətiyyətli mövqeyini vurğulayıb və Çinin terrorizmi, eləcə də İranın daxili işlərinə yönəlmiş xarici müdaxilələri pisləyən prinsipial mövqeyinə görə təşəkkür edib.
İraqçi, həmçinin ABŞ-ın İrana qarşı müdaxiləçi və ikiüzlü siyasətlərini qınayaraq, bölgədə qeyri-sabitlik və xaosa yol aça biləcək hər cür yeni macərapərəst addımlara qarşı xəbərdarlıq edib.
ABŞ-ın iqtisadi alətləri və ticarət rüsumlarını İran və Çin də daxil olmaqla inkişaf etməkdə olan ölkələrə təzyiq vasitəsi kimi istifadə etməsinə diqqət çəkən İraqçi, inkişaf etməkdə olan ölkələrin maraqlarının qorunması üçün Cənub–Cənub əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb.
Çin xarici işlər naziri Vanq Yi isə bütün ölkələrin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin əsas prinsiplərinə və beynəlxalq hüquqa riayət etməsinin əhəmiyyətini qeyd edərək, dünyanın açıq güc nümayişlərinin hökm sürdüyü bir dövrə geri qayıtmamalı olduğunu və böyük güclərin məsuliyyətli davranmalı olduqlarını bildirib.
Vanq Yi, həmçinin regionun mühüm güclərindən biri kimi İranın milli suverenliyinə hörmət göstərilməsinin vacibliyini vurğulayıb, İranın regional sülh və təhlükəsizliyin qorunmasındakı mühüm roluna diqqət çəkərək, Çinin İranın dost ölkəsi kimi onun suverenliyini və təhlükəsizliyini daim dəstəklədiyini və BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq təşkilatlarda İranın legitim və məntiqli mövqelərini müdafiə etməyə davam edəcəyini bildirib.
