İran Təl-Əvivə Yeni Raket Zərbələri Endirdi

3 Dəq Oxuma Müddəti

“Sadiq Vəd 4” əməliyyatının 22-ci mərhələsi

İran İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı həyata keçirilən “Sadiq Vəd 4” hərbi əməliyyatının 22-ci mərhələsinin başladığını açıqlayıb. Rəsmi məlumatda bildirilib ki, hücum zamanı “Xürrəmşəhr-4”, “Xeybər” və “Fəth” tipli ballistik raketlər geniş şəkildə istifadə olunub.

Məlumata görə, raketlər işğal altındakı ərazilərdə bir sıra hədəflərə doğru buraxılıb və onların bəzisinin Təl-Əviv ətrafında hədəflərə birbaşa düşdüyü iddia edilir.

Təl-Əviv və ətrafında partlayışlar

Sionist rejim mediası İranın raket hücumları zamanı Təl-Əviv və ətrafında bir neçə güclü partlayış səsinin eşidildiyini bildirib. Məlumatlara görə, Ben-Qurion hava limanı yaxınlığına da raket düşdüyü qeyd olunub.

Hücum nəticəsində Təl-Əvivdə və bəzi digər şəhərlərdə maddi ziyan yarandığı açıqlanıb. İşğalçı rejimin Səhiyyə Nazirliyi raket zərbələri nəticəsində evləri zədələnən 2300-dən çox şəxsin təxliyə edildiyini bildirib.

Bəzi məlumatlara görə, raket hücumları Təl-Əvivlə yanaşı Beyt Şemeş, Petah Tikva və Bir əs-Səba kimi şəhərləri də hədəf alıb.

ABŞ və İsrailə məxsus pilotsuz aparatların vurulduğu bildirilir

İran tərəfi hava hücumundan müdafiə qüvvələrinin bir neçə pilotsuz uçuş aparatını məhv etdiyini də açıqlayıb. Bildirilib ki, Tehran ətrafında İsrailə məxsus “Hermes 900” tipli pilotsuz aparat vurulub.

Eyni zamanda Loristan səmasında ABŞ-a məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının da məhv edildiyi qeyd olunur.

İran İnqilab Keşikçilərinin sözçüsü briqada generalı Əli Məhəmməd Naini isə İsfahan səmasında İsrailə məxsus “Heron” tipli pilotsuz aparatın vurulduğunu açıqlayıb.

ABŞ bazalarına pilotsuz aparat hücumu

İran ordusunun quru qoşunları da bölgədə hərbi əməliyyatlar həyata keçirdiklərini bildiriblər. Rəsmi açıqlamada qeyd olunub ki, İran qüvvələri Küveytdə yerləşən ABŞ hərbi bazalarına kamikadze pilotsuz aparatlarla hücum edib.

Bu hücumların regionda davam edən hərbi qarşıdurmanın bir hissəsi olduğu qeyd edilir.

İraqın Kürdüstan bölgəsində raket zərbələri

İran mediasının məlumatına görə, İnqilab Keşikçiləri İraqın Kürdüstan bölgəsində yerləşən bəzi mövqelərə də raket zərbələri endirib.

Bununla yanaşı, İran tərəfi ölkənin cənub-qərbində düşmən qüvvələrinin olduğu barədə yayılan xəbərləri təkzib edib. Rəsmi açıqlamada qeyd olunub ki, təhlükəsizlik qüvvələri bütün hərbi hərəkətləri izləyir və ölkənin təhlükəsizliyinə təhdid yaradan istənilən fəaliyyətə qarşı tədbir görəcək.

Regionda qarşıdurma genişlənir

Son günlər İran, İsrail və ABŞ arasında qarşılıqlı hərbi hücumlar Qərbi Asiyada gərginliyi daha da artırıb. Analitiklər hesab edir ki, tərəflər arasında davam edən raket və hava hücumları regionda münaqişənin daha geniş miqyas almasına səbəb ola bilər.

Beynəlxalq ictimaiyyət isə gərginliyin azaldılması və diplomatik həll yollarının tapılması üçün tərəflərə çağırışlar etməyə davam edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş