İran: Türkiyənin qərarı hüquqi əsası olmayan addımdır
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaeyi, Türkiyənin ləğv edilmiş BMT Təhlükəsizlik Şurası qətnamələrinin müddəalarını tətbiq etməyə yönələn son qərarını “qanunsuz və hüquqi əsası olmayan” addım kimi qiymətləndirib.
Bəqaeyi həftəlik mətbuat konfransında bildirib ki, “üç Avropa ölkəsinin (Böyük Britaniya, Fransa və Almaniya) bu qərarları yenidən gündəmə gətirməsi özü qanunsuzdur və Türkiyə kimi dost ölkələr bu cür addımlarla bu qərarlara legitimlik qazandırmamalıdır.”
Diplomat qeyd edib ki, İran son aylarda BMT və digər beynəlxalq platformalarda Avropa ölkələrinin bu “yasa pozucu təşəbbüslərini” dayandırmaq üçün aktiv diplomatik danışıqlar aparıb.
“Biz bütün qonşularımıza açıq şəkildə bildiririk ki, bu üç Avropa ölkəsinin təzyiq siyasətinə dəstək verən hər bir addım, regionun sabitliyinə zərbədir,” – deyə Bəqaeyi vurğulayıb.
“Avropa üçlüsü nüvə razılaşmasını pozdu”
İran rəsmisi Avropa ölkələrinin “nüvə razılaşmasındakı (JCPOA) öhdəliklərini pozduğunu” bildirib. Onun sözlərinə görə, London, Paris və Berlin “sözde Snapback mexanizmini” ABŞ-ın tələblərini yerinə yetirmək üçün sui-istifadə edib.
“Bu ölkələr öz şərtlərini məntiqsiz şəkildə diktə etdilər. Biz isə buna baxmayaraq, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı davam etdirmək və yeni nəzarət mexanizmi yaratmaq qərarına gəldik,” – deyə o qeyd edib.
Bəqaeyi əlavə edib ki, Avropa ölkələri əvvəlcə bu prosesə müsbət yanaşsa da, sonradan onu rədd edərək “İranla ABŞ arasında danışıqlara girmək üçün əsassız şərtlər irəli sürüblər.”
“Avropa ilə yeni danışıqlar planımız yoxdur”
XİN sözçüsü bildirib ki, hazırda Avropa ölkələri və ABŞ-la yeni müzakirə planı yoxdur:
“Bizim əsas diqqətimiz bu ölkələrin qanunsuz addımlarının nəticələrini qiymətləndirmək və regiondakı təsirlərini araşdırmaq üzərindədir.”
Qəzzə və beynəlxalq ədalətsizlik
Bəqaeyi həmçinin İsrailin Qəzzədə törətdiyi cinayətlərə toxunaraq, son iki ildə 80 mindən çox fələstinlinin şəhid olduğunu və beynəlxalq qurumların bu soyqırımı dayandırmaq üçün heç bir real addım atmadığını bildirib.
“BMT və Təhlükəsizlik Şurası bu dəhşətli cinayətləri dayandırmaqda tam aciz qalıb. Sionist rejimin soyqırımı davam edir və beynəlxalq ictimaiyyət susur,” – deyə o vurğulayıb.
“Suriyanın gələcəyi öz xalqına məxsusdur”
İran rəsmisi Suriyaya dair mövqeyini də təkrarlayıb:
“Bizim prinsipial mövqeyimiz Suriyanın ərazi bütövlüyünə hörmət və daxili işlərinə qarışmamaqdır. Suriyanın gələcəyi yalnız bu ölkənin xalqı tərəfindən, xarici müdaxilə olmadan müəyyən edilməlidir.”
Bəqaeyi, İsrailin Suriyaya qarşı həyata keçirdiyi hava hücumlarını beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib və region ölkələrini bu cür aqressiyalara qarşı birgə mövqe sərgiləməyə çağırıb.