İran Trampın “nüvə sınaqlarını bərpa” Bəyanatına Görə BMT-dən Təcili İclas Tələb Etdi

3 Dəq Oxuma Müddəti

İran Trampın nüvə sınaqları ilə bağlı bəyanatına sərt reaksiya verdi

İran ABŞ Prezidenti Donald Trampın nüvə silahı sınaqlarını bərpa etməklə bağlı son açıqlamalarını “son dərəcə narahatedici və təhlükəli” adlandıraraq, BMT Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb.

Tehranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani bu barədə BMT Baş katibi Antonio QuterreşəTəhlükəsizlik Şurasının sədri Maykl İmran Kanuna ünvanladığı rəsmi məktubda bildirib. Məktubda qeyd olunur ki, Trampın bu bəyanatları beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yaradır və ABŞ-ın beynəlxalq öhdəliklərini açıq şəkildə pozur.

“ABŞ prezidentinin bəyanatları beynəlxalq hüquqa ziddir”

İravani məktubunda qeyd edib ki, 2025-ci il oktyabrın 29-da Tramp sosial mediada Müdafiə Nazirliyinə “digər nüvə dövlətləri ilə eyni əsasda nüvə silahı sınaqlarına başlamaq” göstərişi verdiyini yazıb və “proses dərhal başlanacaq” deyə bəyan edib.

Bundan iki gün sonra — oktyabrın 31-də CBS telekanalının “60 Dəqiqə” proqramında Tramp ölkəsinin “dünyanı 150 dəfə məhv etməyə yetəcək qədər” nüvə arsenalına sahib olduğunu bildirib.

İravani bu açıqlamaları “nüvə silahından istifadə ilə açıq təhdid və nüvə sınaqlarının bərpasına niyyətin açıq bəyanı” kimi qiymətləndirib.

Tehran: “Trampın bəyanatı NPT və CTBT prinsiplərini pozur”

İranlı diplomat vurğulayıb ki, ABŞ prezidentinin bu ritorikası Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) VI maddəsini, həmçinin Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinin (CTBT) ruhunu açıq şəkildə pozur.

İravani eyni zamanda ABŞ-ı İranın dinc nüvə proqramını “dezinformasiya və saxta məlumatlar” yolu ilə təhrif etməkdə ittiham edib.

ABŞ-ın İrana qarşı hücumu da gündəmə gətirildi

Məktubda, həmçinin, 2025-ci il iyunun 24-də ABŞ-ın İranın nüvə obyektlərinə hava hücumu həyata keçirdiyi və bunun BMT Nizamnaməsinin açıq pozuntusu olduğu xatırladılıb.

İran BMT Baş katibindən Nizamnamənin 99-cu maddəsini tətbiq etməyi, məsələni Təhlükəsizlik Şurasının gündəminə çıxarmağı və bu vəziyyətin qlobal nüvə tərksilahı və yayılmama rejiminə təsirini qiymətləndirməyi tələb edib.

Tehran beynəlxalq təşkilatı “beynəlxalq sülh və təhlükəsizliyin qorunması mandatına uyğun şəkildə hərəkət etməyə” çağırıb.

Ərakçi: “ABŞ dünyada ən böyük nüvə riskidir”

İranın xarici işlər naziri Abbas Ərakçi də Vaşinqtonun nüvə sınaqlarını bərpa etmək qərarını “geriyə addım və məsuliyyətsiz davranış” adlandırıb.

Nazir bildirib:

“Heç kim yanılmasın — ABŞ dünyada ən təhlükəli nüvə yayılma riskidir.”

Ərakçi əlavə edib ki, Vaşinqton illərlə İranın dinc nüvə proqramını tənqid etdiyi halda, indi özü beynəlxalq hüququ pozaraq nüvə silahı sınaqlarına qayıtmaq istəyir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş