İran “Sadiq Vəd 4”ün 12-ci Mərhələsini Başladı

2 Dəq Oxuma Müddəti

“Sadiq Vəd 4” əməliyyatında yeni mərhələ

İran İslam İnqilabı Keşikçiləri Korpusu bazar ertəsi günü “Sadiq Vəd 4” əməliyyatının 12-ci mərhələsinin başlandığını elan edib. Qurumun yaydığı bəyanatda bildirilib ki, əməliyyat “düşmən mövqelərinə” qarşı həyata keçirilib.

Açıqlamaya əsasən, hücumlar dəniz istiqamətindən təşkil olunub və ABŞ ordusuna məxsus sabit və hərəkətli hədəflər vurulub. İran tərəfi üç ölkədə – Küveyt, Birləşmiş Ərəb ƏmirlikləriBəhreyndə yerləşən ABŞ hərbi obyektlərinin, eləcə də Hörmüz boğazının hədəfə alındığını iddia edib.

İranın məlumatına görə, əməliyyat çərçivəsində 26 kamikadze tipli pilotsuz uçuş aparatı və 5 ballistik raket buraxılıb.

Küveyt və BƏƏ-dəki bazalara zərbələr

Bəyanatda qeyd olunub ki, Küveytdə yerləşən Ərifcan hərbi bazası iki mərhələdə ümumilikdə 12 pilotsuz uçuş aparatı ilə vurulub.

Eyni zamanda, BƏƏ ərazisindəki Əl-Minhad aviabazasında yerləşən ABŞ hərbi komandanlıq və idarəetmə mərkəzinin 6 pilotsuz uçuş aparatı və 5 ballistik raketlə hədəf alındığı bildirilib.

İran tərəfi zərbələrin dəqiq nəticələri barədə əlavə məlumat verməsə də, əməliyyatların “uğurla həyata keçirildiyini” bəyan edib.

Bəhreyn və Hörmüz boğazında vəziyyət

Məlumata görə, Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin qalan obyektləri 6 pilotsuz uçuş aparatı ilə vurulub və dağıdılıb.

Bundan başqa, İran tərəfi bildirib ki, ABŞ müttəfiqlərinə məxsus “Athens Nova” adlı yanacaq tankeri Hörmüz boğazında iki pilotsuz uçuş aparatının zərbəsindən sonra yanmağa davam edir.

Hörmüz boğazı qlobal enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyır və burada baş verən hərbi insidentlər beynəlxalq bazarlara birbaşa təsir göstərir.

Regional qarşıdurma dərinləşir

İran İslam İnqilabı Keşikçiləri Korpusu daha əvvəl də “Sadiq Vəd 4” əməliyyatı çərçivəsində bir neçə mərhələnin həyata keçirildiyini açıqlamışdı. Həmin mərhələlərdə işğal olunmuş ərazilər və bölgədəki ABŞ obyektlərinin hədəf alındığı bildirilmişdi.

Rəsmi Tehran bu addımları ABŞ və İsrailin ölkəyə qarşı həyata keçirdiyi hərbi əməliyyatlara cavab kimi təqdim edir. Regionda artan gərginlik isə Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin daha da mürəkkəbləşdiyini göstərir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş