İran “Sadiq Vəd 4” Əməliyyatının 31 və 32-ci Dalğasını Həyata Keçirdi

3 Dəq Oxuma Müddəti

“Sadiq Vəd 4” əməliyyatında yeni mərhələ

İran İslam İnqilabı Keşikçiləri Korpusu “Sadiq Vəd 4” əməliyyatının 31-ci və 32-ci dalğalarının həyata keçirildiyini açıqlayıb. Qurumun yaydığı məlumata görə, hücumlar ağır raketlərdən istifadə edilməklə həyata keçirilib.

İnqilab Keşikçiləri bildirib ki, əməliyyatın 31-ci mərhələsi İranın yeni ali lideri Müctəba Xameneiyə ithaf olunub. Xatırladaq ki, o, ölkənin Rəhbərlik Ekspertlər Şurası tərəfindən İranın İslam İnqilabı və İslam Respublikasının üçüncü ali lideri seçilib.

Şimal və mərkəzi ərazilər hədəf alındı

Qurumun ictimaiyyətlə əlaqələr bölməsi daha sonra “Sadiq Vəd 4” əməliyyatının 32-ci dalğasının da həyata keçirildiyini açıqlayıb. Bildirilib ki, hücum “Ləbbeyk ya Xamenei” şüarı ilə icra olunub.

Məlumata görə, hücum zamanı “Qədr” və “Xürrəmşəhr” tipli raketlərdən istifadə edilərək İsrailin şimal və mərkəzi bölgələrində yerləşən hədəflər vurulub.

İran tərəfi açıqlamasında bildirib ki, regionda təhlükəsizlik vəziyyəti getdikcə gərginləşir və İsrail ərazilərində tez-tez hava həyəcanı siqnalları səslənir.

ABŞ bazaları da hədəfdədir

İranın “Xatəmül-Ənbiya” Mərkəzi Komandanlığının sözçüsü bildirib ki, İranın raket və pilotsuz aparat hücumları regionda yerləşən ABŞ hərbi bazalarını da hədəf alır.

Onun sözlərinə görə, ABŞ qüvvələrinin yerləşdiyi obyektlər hər gün raket və pilotsuz aparat zərbələrinə məruz qalır. İran rəsmisi əlavə edib ki, bu hədəflər istənilən vaxt yenidən vurula bilər.

Sözçü qeyd edib ki, İran silahlı qüvvələri ABŞ hərbçilərinin fəaliyyətini diqqətlə izləyir və hücumlar planlı şəkildə həyata keçirilir.

Hava-kosmik qüvvələrdən açıqlama

İnqilab Keşikçilərinin hava-kosmik qüvvələrinin komandanı briqada generalı Məcid Musəvi də yeni hücumların davam edəcəyini bildirib.

O qeyd edib ki, İran xalqının dəstəyi və siyasi rəhbərliyə sədaqəti sayəsində hərbi əməliyyatlar davam edir. Musəvinin sözlərinə görə, İsrailə qarşı hücumlar dayandırılmayacaq.

İsrail mediası itkilər barədə məlumat yaydı

İsrail mediası isə İranın son raket hücumları nəticəsində ölkənin mərkəzi bölgələrində itkilər olduğunu bildirib. Məlumatlara görə, hücumlar nəticəsində iki nəfər ölüb, bir nəfər isə yaralanıb.

Bəzi İsrail media orqanları İranın Təl-Əviv istiqamətinə parçalanan döyüş başlığına malik raket də buraxdığını iddia edib.

Münaqişə genişlənir

İranın “Fars” xəbər agentliyi isə məlumatlı mənbələrə istinadən bildirib ki, İran silahlı qüvvələrinin bazar günü həyata keçirdiyi hücum müharibənin başlanmasından bəri ABŞ və İsrail hədəflərinə qarşı ən böyük əməliyyatlardan biri olub.

Hazırda İran ABŞ və İsrailin fevralın 28-də başladığı hücumlara cavab olaraq regiondakı ABŞ hərbi bazalarına və İsrail ərazilərinə raket və pilotsuz aparat zərbələri endirməyə davam edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş