İran: Qəzzada Cinayətlərin Dayandırılması Kifayət Deyil, İşğalçılar Mühakimə Olunmalıdır

2 Dəq Oxuma Müddəti

İran: Qəzzada soyqırım dayandırılmalı, işğalçılar ədalət qarşısına çıxarılmalıdır

İran hökumətinin sözçüsü Fatimə Məhacirani “Əl-Məyadin” telekanalına verdiyi müsahibədə bəyan edib ki, İslam Respublikası Fələstin xalqının azadlıq və ləyaqət uğrunda mübarizəsində daim onun yanında olub və qalacaq.

O vurğulayıb ki, İran Qəzzada soyqırımı dayandırmaq, İsrail qüvvələrinin tamamilə geri çəkilməsini təmin etmək, humanitar yardımın daxil olmasını və fələstinli əsirlərin azad edilməsini nəzərdə tutan istənilən təşəbbüsü dəstəkləyəcək.

“Bizim Fələstin xalqına dəstəyimiz sadəcə siyasi mövqe deyil, bu, xalqların öz müqəddəratını təyin etmək haqqına və işğala qarşı durmaq zərurətinə əsaslanır,” – deyə Məhacirani bildirib.

“Soyqırım dayansa da, ədalət bərqərar olmalıdır”

İran hökumətinin sözçüsü qeyd edib ki, Qəzzada törədilən cinayətlərin dayandırılması son məqsəd deyil. Onun sözlərinə görə, növbəti mərhələdə müharibə və soyqırım əmrini verənlərin, eləcə də bu cinayətləri icra edənlərin beynəlxalq məhkəmələrdə mühakimə olunması təmin edilməlidir.

“Cinayətləri törədənlər ədalət qarşısına çıxarılmadan bu faciə bitmiş sayılmayacaq. Beynəlxalq ictimaiyyət hüquqi və mənəvi məsuliyyətini dərk etməlidir,” – deyə Məhacirani vurğulayıb.

Tehran beynəlxalq ictimaiyyətə çağırış etdi

İran rəsmisi beynəlxalq qurumları və BMT-ni İsrailin törətdiyi cinayətlərə qarşı real addımlar atmağa çağırıb. O bildirib ki, İsrailin humanitar və beynəlxalq razılaşmaları pozmaq təcrübəsi nəzərə alınmalı, bu dəfə “yalan və manipulyasiyalara” yol verilməməlidir.

İran Xarici İşlər Nazirliyi də oxşar bəyanatla çıxış edərək, Fələstinə qarşı soyqırımın dayandırılmasına yönəlmiş bütün təşəbbüsləri dəstəklədiyinisionist rejimin beynəlxalq hüququ davamlı şəkildə pozduğunu xatırladıb.

Qəzzada yeni mərhələ

Xatırladaq ki, 8–9 oktyabr gecəsi HƏMAS Qəzza zolağına qarşı İsrail hücumlarının sona çatdığını, atəşkəs, işğalçı qüvvələrin çıxarılması, humanitar yardımın daxil olması və əsirlərin mübadiləsi barədə əhatəli razılaşmanın əldə olunduğunu açıqlayıb.

Məhacirani bu razılaşmanı “vacib addım” adlandıraraq qeyd edib ki, bu sənədin icrası Fələstin xalqının fədakarlığının nəticəsidir, lakin ədalət təmin edilmədən sülh tam bərqərar ola bilməz.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş