Radar sistemlərinə hücum
İran ordusu açıqlamasında BƏƏ-də yerləşən düşmən radar sistemlərinin hədəfə alındığını bildirib. Rəsmi məlumata görə, hücumlar gecə saatlarından başlayaraq səhərə qədər davam edib və pilotsuz uçuş aparatları ilə həyata keçirilib.
Qeyd olunub ki, vurulan radarlar İranın raket və PUA fəaliyyətlərini izləmək və izləmə sistemləri ilə təmin etmək üçün istifadə olunurdu.
ABŞ qüvvələrinin mövqeyi hədəf alındı
Açıqlamada həmçinin BƏƏ-də yerləşən ABŞ hərbi qüvvələrinin mövqelərinin də hədəfə alındığı bildirilib. İran tərəfi bu hücumların “kamikadze” tipli pilotsuz uçuş aparatları ilə icra edildiyini qeyd edib.
“Sadiq Vəd 4” əməliyyatının davamı
İran bu hücumların “Sadiq Vəd 4” əməliyyatının tərkib hissəsi olduğunu vurğulayıb. Bildirilib ki, əməliyyat çərçivəsində regiondakı ABŞ hərbi bazaları və sionist rejimə aid hədəflər sistemli şəkildə vurulur.
Digər bölgələrdə hücumlar
Eyni əməliyyatın 86-cı dalğasında İran qüvvələrinin İraq, Küveyt və Səudiyyə Ərəbistanındakı ABŞ bazalarını hədəfə aldığı açıqlanıb. Bu bazalar arasında “Viktori”, “Ərifcan” və “Əl-Xarc” obyektləri göstərilir.
Bununla yanaşı, sionist rejimə aid obyektlər, eləcə də müxtəlif bölgələrdə yerləşən hərbi mövqelərin də vurulduğu bildirildi.
Strateji təyyarənin məhv edilməsi
İran tərəfi hücumlar nəticəsində ABŞ-a məxsus “E-3G AWACS” tipli strateji təyyarənin tam məhv edildiyini bildirib. Bundan əvvəl isə eyni bazada yanacaq doldurma təyyarəsinin vurulduğu qeyd olunub.
Bu zərbələrin ətrafdakı digər hərbi texnikaya da ciddi ziyan vurduğu açıqlandı.
