Müxtəlif bölgələrdə PUA-lar vurulub
İran Ordusu son saatlarda ölkənin müxtəlif bölgələrində sionist rejimə məxsus 6 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.
Bildirilib ki, PUA-ların əksəriyyəti “Hermes” tipli olub və İsfahan, Kürdüstan vilayəti və Tehran üzərində vurulub.
Açıqlamaya görə, əməliyyat yerli quru qoşunları, hava hücumundan müdafiə sistemləri və daxili təhlükəsizlik qüvvələrinin vahid şəbəkəsi çərçivəsində həyata keçirilib.
ABŞ bazalarına və “işğal altındakı ərazilərə” zərbələr
Ordunun digər bəyanatında bildirilib ki, quru, hava və dəniz qüvvələri bu gün ölkənin müxtəlif nöqtələrindən pilotsuz aparatlarla hücumlar həyata keçirib.
Hədəflər sırasında Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi bazaları, eləcə də İsrail ərazisində müəyyən edilmiş obyektlərin olduğu bildirilir.
“Sadiq Vəd – 4” əməliyyatı davam edir
İran mediası həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun İsrailə qarşı yeni raket və PUA hücum dalğası başladığını bildirib.
Tehran bu əməliyyatları ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi təcavüzlərə cavab kimi təqdim edir.
Gərginlik yüksəlir
Regionda qarşılıqlı hücumların davam etməsi hərbi eskalasiyanın genişlənə biləcəyi ehtimalını artırır. Rəsmi Təl-Əviv və Vaşinqton hələlik İranın son iddialarına dair ətraflı açıqlama verməyib.
