İran XİN: “Xalqımız Amerika və İsrail xülyalarını puça çıxardı”
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın nüvə proqramını Beynəlxalq Atom Enerjisi Agentliyinin qaydalarına uyğun şəkildə davam etdirdiyini, ölkənin beynəlxalq öhdəliklərinə tam əməl etdiyini bildirib. O, İran xalqının “İsrail” və ABŞ-ın regionla bağlı hesablamalarını alt-üst etdiyini vurğulayıb.
Nazir bu fikirləri İran Xarici İşlər Nazirliyinin təşkil etdiyi “Beynəlxalq hüquq hücum, pozuntu və müdafiə altında” adlı beynəlxalq konfransda səsləndirib. Əraqçiyə görə, beynəlxalq hüququn əsas prinsipləri məhz onu qorumağa borclu olan böyük dövlətlərin ciddi təzyiqi ilə üz-üzə qalıb. O, hazırkı beynəlxalq vəziyyətin ABŞ və bəzi müttəfiqlərinin son illər “qərb mərkəzli bir nizam” naminə apardığı hüquqa zidd siyasətin nəticəsi olduğunu qeyd edib.
“ABŞ anlaşmanı pozdu, İran öhdəliklərinə əməl etdi”
Əraqçi İranın nüvə sazişi çərçivəsində bütün öhdəliklərini yerinə yetirdiyini, müqaviləni pozan tərəfin isə ABŞ olduğunu xatırladıb. O, Tehranın hücumlar qarşısında belə beynəlxalq hüququ və diplomatik normaları əsas götürdüyünü bildirib. Nazir əlavə edib ki, İranın qəti dayanışı olmasaydı, beynəlxalq hüquqa edilən təcavüzlərin fəsadları daha ağır olardı.
İsrailin regionda sabitliyi pozan fəaliyyətləri
Əraqçi çıxışında İsrailin Yaxın Şərqdə yeddi dövlətə qarşı hücumlar həyata keçirdiyini və Livanla Suriya ərazilərinin bir hissəsini işğal etdiyini vurğulayıb. Onun sözlərinə görə, region ölkələrinin heç biri bu rejimin hərbi və təhlükəsizlik yönümlü hegemonluq ambisiyalarından tam kənarda deyil.
Nazir ABŞ-ın keçmiş prezidenti Donald Trampın son İsrail hücumunun birbaşa göstərişlə həyata keçirildiyini açıqlayıb. O, Trampın “güclə sülh” adlandırdığı yanaşmanın əslində “güclə hegemonluq” siyasəti olduğunu deyib.
“İranın cavabı legitim müdafiə hüququna əsaslandı”
Əraqçi İranın ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlara cavabının beynəlxalq hüquqda tanınan özünümüdafiə prinsipinə əsaslandığını bildirib. Onun sözlərinə görə, İranın hərbi əməliyyatları dəqiqliklə planlaşdırılıb, mülki hədəflərdən yayınmaq üçün bütün zəruri tədbirlər görülüb.
Nazir qeyd edib ki, İran ordusunun sərt və ölçülü cavabları bir daha ölkə xalqının sülhpərvər olsa da, təcavüz qarşısında sonadək dayanmaq iradəsinə sahib olduğunu göstərdi. O, ABŞ-ın hegemon siyasətini “qanunsuzluğun hökm sürdüyü meşə qanunlarına qayıdış” kimi dəyərləndirib və özünümüdafiə üçün güc sahibi olmağın zəruri olduğunu bildirib.
Müdafiə qabiliyyəti gücləndirilib
Əraqçi İranın son hücumlardan sonra müdafiə gücünü yenidən qurduğunu və hazırda əhəmiyyətli dərəcədə gücləndirdiyini vurğulayıb. O, bununla yanaşı, Tehranın beynəlxalq hüquqa əsaslanan dialoq və sülh çağırışına sadiq qaldığını, regionda dayanıqlı etimad mühiti yaratmaqda maraqlı olduğunu deyib.
Nazir bölgə ölkələrinin təhlükəsizliyinin bir-birinə bağlı olduğunu, İranın isə ortaq əməkdaşlıq və qarşılıqlı etimad əsasında yeni regional düzənin qurulmasını dəstəklədiyini bildirib.
