İran Nüvə Danışıqlarına Hazırdır, Lakin Raket Proqramı Müzakirə Olunmayacaq

3 Dəq Oxuma Müddəti

İran nüvə proqramı üzrə danışıqlara açıq olduğunu, lakin raket məsələsini qəti istisna etdiyini açıqladı

İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Tehran nüvə proqramına dair beynəlxalq narahatlıqları aradan qaldırmaq məqsədilə danışıqlara hazırdır, lakin raket proqramı heç vaxt müzakirə mövzusu ola bilməz. Bu barədə o, Qətərin “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə bildirib.

Əraqçi vurğulayıb ki, İranın nüvə proqramı tamamilə dinc xarakter daşıyır və bu istiqamətdə dialoqa açıqdır. Lakin o, əlavə edib:

“Bizim raket proqramımız müzakirə mövzusu deyil. Heç bir ağıllı dövlət öz müdafiə qabiliyyətindən imtina etməz.”

Nazir həmçinin bildirib ki, uran zənginləşdirmə proqramından da geri addım atmaq mümkün deyil:

“Müharibə ilə əldə olunmayan heç nə siyasət masasında da əldə edilə bilməz.”

“Vaşinqtonun şərtləri qəbuledilməzdir”

Əraqçi qeyd edib ki, İran hələ də ədalətli bir razılaşmaya ümid edir, lakin ABŞ-ın irəli sürdüyü şərtlər qəbuledilməzdir. O, Tehranın Vaşinqtonla birbaşa danışıqlarda maraqlı olmadığını, lakin dolayı diplomatik kanallar vasitəsilə razılaşmanın mümkün ola biləcəyini vurğulayıb.

Nazir Avropa ölkələrinin — Böyük Britaniya, Fransa və Almaniyanın — 2015-ci il nüvə sazişinin (“JCPOA”) “snapback” mexanizmini aktivləşdirməsini “qanunsuz və beynəlxalq razılaşmalara zidd addım” adlandırıb. Onun sözlərinə görə, BMT sanksiyalarının bərpası ilə bağlı beynəlxalq konsensus mövcud deyil.

Əraqçi xatırladıb ki, ABŞ və İsrailin İran və onun nüvə obyektlərinə qarşı iyun ayında həyata keçirdiyi hava hücumlarından əvvəl Tehran 2015-ci il sazişinə alternativ razılaşma istiqamətində beş raund danışıqlar aparmışdı.

İsrailə xəbərdarlıq: “Yeni müharibə İsrail üçün faciəvi nəticələnəcək”

Əraqçi çıxışının digər hissəsində bildirib ki, İran İsraildən gələ biləcək hər cür təxribat və hücuma qarşı tam hazır vəziyyətdədir.

“Hazırlıq səviyyəmiz ən yüksəkdədir və növbəti müharibə olarsa, İsrail bir daha məğlub olacaq.”

Nazir qeyd edib ki, İyun müharibəsi zamanı İran raketlərini real döyüş şəraitində sınaqdan keçirməyə müvəffəq olub və növbəti İsrail hücumunun “pis nəticələrə” gətirib çıxaracağı barədə xəbərdarlıq edib.

Əraqçi həmçinin bildirib ki, İsrail İranın neft obyektlərini hədəfə almaqla regionda müharibəni genişləndirməyə çalışıb, lakin Tehran bu cəhdin qarşısını alıb:

“Biz müharibəni idarə edə bildik və onun regiona yayılmasına imkan vermədik.”

O əlavə edib ki, İsrail ABŞ-ın icazəsi olmadan İrana hücum edə bilməzdi və İsrail baş naziri Benyamin Netanyahuya “müharibə cinayətkarı” adını verib.

Nazir ABŞ-ın İranın üç nüvə obyektini bombalamasını beynəlxalq hüquq və BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirib:

“Bəzi obyektlər dağıdılsa da, nüvə texnologiyamız qorunub saxlanılır.”

Əraqçi vurğulayıb ki, İranın hərbi və elmi potensialı hələ də qüvvəsindədir və ölkə istənilən hücuma cavab vermək iqtidarındadır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş