İran: Müharibənin Zərəri ABŞ Ərazisinə Qədər Çatdı

4 Dəq Oxuma Müddəti

İran son müharibəni “texnoloji savaş” adlandırdı

İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü, briqada generalı Hüseyn Möhəbbi bildirib ki, ölkəsi dünyanın ən güclü dövlətlərindən biri ilə müxtəlif istiqamətləri əhatə edən müharibə aparıb.

Möhəbbi Qəzvin vilayətində İnqilab Keşikçiləri Korpusu və Bəsicə bağlı şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş tədbirdə çıxışı zamanı son ABŞ-İsrail hücumlarından danışıb.

Onun sözlərinə görə, son müharibənin əsas nəticələrindən biri ABŞ-nin “strateji kövrəklik” vəziyyətinə düşməsi olub.

Raketlərin imkanları dəyişib

Möhəbbi İranın raket və pilotsuz uçuş aparatları sahəsində əldə etdiyi texnoloji irəliləyişlərə də toxunub. O bildirib ki, müasir raketlər artıq əvvəlcədən müəyyən edilmiş bir nöqtədən buraxılaraq yalnız başqa bir nöqtəyə düşən adi silahlar deyil.

Onun sözlərinə görə, yeni raketlər hava hücumundan müdafiə sistemləri ilə qarşılaşarkən idarə oluna, uçuş istiqamətini dəyişə və hətta hərəkətdə olduğu zaman hədəfi yenilənə bilər.

Süni intellekt müharibənin əsas hissəsinə çevrilib

İnqilab Keşikçiləri Korpusunun sözçüsü son qarşıdurmanı “texnoloji müharibə” kimi xarakterizə edib. Onun sözlərinə görə, döyüş meydanında süni intellekt, proqram təminatına əsaslanan komanda-idarəetmə sistemləri, pilotsuz uçuş aparatları, çoxsaylı aşkarlama vasitələri və qərarvermə sürəti mühüm rol oynayıb.

Möhəbbi bildirib ki, müasir müharibədə hədəfin müəyyənləşdirilməsi ilə ona zərbə endirilməsi barədə qərarın verilməsi arasındakı müddət artıq saniyələrlə ölçülür.

“Rəqibin güc sisteminin komponentlərini parçaladıq”

İran rəsmisinin sözlərinə görə, Tehran texnoloji imkanlardan istifadə etməklə qarşı tərəfin güc sisteminin ayrı-ayrı komponentlərini sıradan çıxarmağa nail olub.

Möhəbbi hesab edir ki, son müharibə zamanı ortaya çıxan təhdidlər və qarşılıqlı zərbələr yalnız məhdud hərbi qarşıdurma çərçivəsində qiymətləndirilə bilməz.

O bildirib ki, əvvəlki müharibələrdə ABŞ hərbi qarşıdurmaların yaratdığı itki və zərərin öz ərazisinə keçməsinin qarşısını almağa çalışırdı. Lakin son müharibədə xərclərin və zərərin müəyyən hissəsinin qarşı tərəfin öz cəbhəsinə və ərazisinə ötürüldüyünü vurğulayıb.

Möhəbbi 2025-ci ilin iyununda baş verən 12 günlük müharibəni hərbi əməliyyatlarla dəstəklənən “qavrayış uğrunda müharibə” kimi də xarakterizə edib. Onun sözlərinə görə, qarşı tərəf cəmiyyətin hadisələri qavrama sistemində qarışıqlıq yaratmaqla insanların döyüş meydanındakı reallıqlara münasibətini dəyişməyə çalışıb.

Hörmüz boğazındakı vəziyyət dünya iqtisadiyyatına təsir edir

Möhəbbi Hörmüz boğazının əhəmiyyətindən danışaraq bildirib ki, burada yaranan vəziyyət yalnız regional məsələ sayıla bilməz. Bunun əsas səbəbi dünya enerji ehtiyacının mühüm hissəsinin bu su yolu ilə daşınmasıdır.

Onun sözlərinə görə, Hörmüz boğazında gəmiçiliyin pozulması maliyyə bazarlarına, ərzaq təchizatı zəncirinə, sənaye istehsalına və qlobal enerji təhlükəsizliyinə birbaşa təsir göstərə bilər.

Gəmi hərəkətinin kəskin azaldığı bildirilib

İnqilab Keşikçiləri Korpusunun sözçüsü qeyd edib ki, müharibədən əvvəl Körfəzdən gündə 125-140 gəmi keçirdisə, hazırda bu göstərici İranın icazəsi ilə gündə cəmi 3-4 gəmiyə qədər azalıb.

Möhəbbi bunun enerji və kimyəvi gübrə çatışmazlığına səbəb olduğunu, nəticədə qlobal ərzaq təchizatı zəncirinə mənfi təsir göstərdiyini bildirib.

O, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki müəssisələrə endirilən zərbələrdən sonra alüminium sənayesinin də zərər gördüyünü deyib. Möhəbbi illik istehsalın təxminən 3 milyon ton azaldığını bildirib.

İran rəsmisinin sözlərinə görə, ABŞ alüminium ehtiyacının təxminən 60 faizini idxal hesabına ödəyir. O, Körfəz ölkələrinin bu idxaldakı payının nəzərə alınmasının ABŞ iqtisadiyyatına dəyən zərərin miqyasını göstərdiyini vurğulayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş