İran Müdafiə Nazirliyi: İstehsal 58% Artdı

2 Dəq Oxuma Müddəti

İran Müdafiə Nazirliyi istehsalı artırdı

İran Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Rza Təlai açıqlamasında nazirliyin son bir il ərzində istehsal gücünü 58% artırdığını bildirib. Onun sözlərinə görə, bu nailiyyət İranın qarşılaşdığı təzyiqlərə baxmayaraq əldə olunub.

Təlai düşmənlərin İslam Respublikasına qarşı yalnız hərbi deyil, həm də iqtisadi, siyasi, psixoloji və təhlükəsizlik sahələrində hücumlarını davam etdirdiyini qeyd edib.

SEPAH rəhbərliyindən hərbi hazırlıq mesajı

Məsələ ilə bağlı çıxış edən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müavini, briqada generalı Əli Fədvi isə ordunun tam hazırlıq vəziyyətində olduğunu vurğulayıb.

Onun sözlərinə görə, İran Silahlı Qüvvələri düşmənlərə qarşı hər zaman müdafiə və hücum əməliyyatlarını həyata keçirməyə qadirdir. Fədvi əlavə edib:
“İran müharibədə qalib gələn tərəfdir, düşmən isə heç bir hədəfinə çata bilmədi.”

İyun döyüşləri və ABŞ-ın müdaxiləsi

Xatırladaq ki, cari ilin iyun ayında İsrailin İrana qarşı başlatdığı hücuma cavab olaraq Tehran “Sadiq Vəd 3” əməliyyatını həyata keçirmişdi. 12 gün davam edən qarşıdurma zamanı İran İsrailin hərbi obyektlərinə ciddi zərbələr endirmişdi.

Bundan əlavə, ABŞ-ın İranın nüvə obyektlərinə hücumuna cavab olaraq Tehran bölgədə yerləşən ən böyük Amerika hərbi bazalarından biri – Qətərdəki “Əl-Üdeyd” bazasını da hədəfə almışdı.

ABŞ prezidenti Donald Tramp daha sonra atəşkəs elan etsə də, İranın hücumlarının İsrail ordusuna və ABŞ mövqelərinə böyük ziyan vurduğu etiraf olunmuşdu. İsrailli hərbi rəsmilər də İran zərbələrinin bir sıra strateji hərbi obyektləri vurduğunu təsdiqləmişdi.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş