İran: “Livan məsələsi daxili dialoqla həll olunur”
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İranın Livanın daxili işlərinə müdaxilə etdiyi iddialarını tamamilə əsassız adlandırıb. O bildirib ki, bu iddialar siyasi manipulyasiya məqsədi daşıyır və gerçəkliyi əks etdirmir.
Bəqainin sözlərinə görə, müqavimət qüvvələrinin silahı ilə bağlı məsələlər yalnız Livanın daxilində qərara bağlanır: “Hizbullah Livan cəmiyyətinin ayrılmaz və təsirli bir hissəsidir və qərarlarını müstəqil şəkildə qəbul edir”.
Sözçü əlavə edib ki, İranın regionda sülh, təhlükəsizlik və sabitliyi dəstəkləməsi müdaxilə deyil, məsuliyyətli regional rolun təzahürüdür. Tehran Livan rəsmiləri ilə dialoqa həmişə açıq olduğunu da vurğulayıb.
“Qərarlar livanlıların öz masasında verilməlidir”
Bəqai qeyd edib ki, Livanla bağlı bütün siyasi qərarlar yalnız “livanlı–livanlı dialoqu” vasitəsilə formalaşmalıdır. Onun sözlərinə görə, regional və beynəlxalq dairələrin Livanın daxili proseslərinə yönəlmiş ittiham və təzyiqləri ölkədə vəziyyəti çətinləşdirməkdən başqa bir nəticə vermir.
Tom Barrackın açıqlamaları: Vaşinqtonun müdaxilə etirafı
Bəqai ABŞ-ın xüsusi elçisi Tom Barrackın Vaşinqtonun İranda iki dəfə “rejim dəyişikliyi” həyata keçirməyə çalışdığı barədə açıqlamalarını sərt şəkildə tənqid edib. O deyib:
“Bu bəyanatlar ABŞ-ın başqa bir ölkənin suverenliyini pozduğunun açıq etirafıdır. Onların ‘rejim dəyişdirmək’ adlandırdığı şey beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.”
Bəqainin sözlərinə görə, ABŞ-ın “dialoq” bəyanatları əslində təzyiq siyasətinin yumşaq formasıdır və Vaşinqtonun köklü vərdişlərini dəyişməsi çətin görünür.
Tehran–Vaşinqton əlaqə kanalı: yalnız İsveçrə səfirliyi
İran rəsmisi iki ölkə arasında mesajların ötürülməsi ilə bağlı yayılan məlumatları da açıqlığa qovuşdurub. O bildirib ki, İranla ABŞ arasında yeganə rəsmi diplomatik əlaqə kanalı ABŞ maraqlarını qoruyan İsveçrə səfirliyidir. Digər vasitələrlə göndərilən mesajlar mövcud olsa da, onların heç bir rəsmi statusu yoxdur.
