İran: Kiber Hücum Yolları Zərərsizləşdirilib

2 Dəq Oxuma Müddəti

Rəsmi bəyanat yayıldı

İranın Kiber Təhlükəsizlik Komandanlığı bazar ertəsi yaydığı 2 saylı bəyanatda düşmənin kiber və informasiya hücumlarında istifadə etdiyi giriş kanallarına zərbələr endirildiyini açıqlayıb.

Qurumun məlumatına görə, həyata keçirilən tədbirlər nəticəsində bir sıra əsas giriş yolları bloklanıb və təhlükəsizlik mexanizmləri gücləndirilib. Bununla yanaşı, bəyanatda qeyd olunub ki, qarşı tərəf hazırda yeni çıxış və giriş imkanları axtarmaqdadır.

“Saxta yeniləmələr” iddiası

İran tərəfi iddia edib ki, İsrailə məxsus kiber qruplar bəzi tətbiqlərin saxta yeniləmə versiyalarını yayaraq şəbəkələrə sızmağa çalışır. Açıqlamada bildirilib ki, bu cür saxta fayllar vasitəsilə sistemlərə daxil olmaq və daha genişmiqyaslı kiber hücumlara zəmin hazırlamaq planlaşdırılır.

Tehran vətəndaşlara və dövlət qurumlarına yalnız rəsmi mənbələrdən təqdim olunan proqram yeniləmələrindən istifadə etməyi tövsiyə edib və şübhəli keçidlərdən uzaq durmağa çağırıb.

“Sadiq Vəd 4” əməliyyatı davam edir

İranın rəsmi mövqeyinə əsasən, bu addımlar ABŞ və İsrailin ölkəyə qarşı davam edən hərbi əməliyyatlarına cavab olaraq həyata keçirilir. Tehran “Sadiq Vəd 4” əməliyyatının davam etdiyini vurğulayır.

Daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu əməliyyat çərçivəsində bir neçə mərhələdə zərbələr endirildiyini bəyan etmişdi. Bildirilmişdi ki, hücumlar işğal olunmuş ərazilər və regiondakı ABŞ hədəflərini əhatə edir.

İnformasiya müharibəsi fonunda gərginlik

Müşahidəçilər hesab edirlər ki, hazırkı qarşıdurma yalnız hərbi sahə ilə məhdudlaşmır və kiber, eləcə də informasiya məkanında da davam edir. Xüsusilə sosial media və rəqəmsal platformalar üzərindən aparılan əməliyyatlar regiondakı münaqişənin yeni mərhələyə keçdiyini göstərir.

Rəsmi Tehran kiber təhlükəsizlik tədbirlərinin daha da sərtləşdiriləcəyini və potensial təhdidlərə qarşı qabaqlayıcı addımların davam etdiriləcəyini bəyan edib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş