İran Kəşfiyyat Nazirliyi ölkədə baş verən hadisələrdə və vandalizm fəaliyyətlərində fəal rol oynadığı iddia edilən, Bəhai bağlantılı 32 nəfərlik casusluq şəbəkəsinin zərərsizləşdirildiyini açıqlayıb.
Nazirliyin yaydığı bəyanatda bildirilib ki, kəşfiyyat əməkdaşlarının apardığı məlumat toplama və əməliyyat tədbirləri nəticəsində sözügedən şəbəkə müəyyən edilib. Əməliyyat çərçivəsində şəbəkənin əsas üzvlərindən 12 nəfər saxlanılıb, 13 nəfər isə ifadə vermək üçün çağırılıb.
Açıqlamaya görə, şəbəkə Xorasan Rəzəvi, Tehran, Kirman, Yəzd, Sistan-Bəluçistan, Əlburz, Kirmanşah və Mazandaran vilayətlərində fəaliyyət göstərib.
Rəsmilər şəbəkənin əsas mərkəzinin Məşhəd şəhərində yerləşən bir “hücrə evi” olduğunu və fəaliyyətlərin buradan koordinasiyalı şəkildə həyata keçirildiyini bildiriblər. İddialara əsasən, qrup üzvləri etiraz aksiyaları zamanı narkotik maddə (kannabis növü olan “gol”) istifadə etdikdən sonra dini məkanlara hücumlar təşkil edib və ictimai əmlaka ziyan vurublar.
Saxlanılan şəxslərin ifadələri və əldə edilən kəşfiyyat məlumatlarına əsasən, sözügedən şəbəkənin məscidlərin yandırılması, dövlət binalarına hücumlar, eləcə də təhlükəsizlik və hərbi mərkəzlərə qarşı hücumların təşviqi proseslərində fəal rol oynadığı qeyd olunub. Açıqlamada həmçinin saxlanılan şəxslərdən birinin işğal olunmuş ərazilərə (İsrailə) çoxsaylı səfərlər etdiyi vurğulanıb.
Kəşfiyyat Nazirliyi təşkilatlanmış strukturun digər üzvlərinə dair araşdırmaların davam etdiyini bildirərək, ilin əvvəlindən bəri bu qurumla əlaqəli olduğu iddia edilən 45 nəfərin “milli təhlükəsizliyə qarşı fəaliyyətlər” ittihamı ilə müəyyən edilərək saxlanıldığını açıqlayıb.
