İran Kəşfiyyatından Mossada Zərbə: “Iran International” İfşa Edildi

3 Dəq Oxuma Müddəti

İran kəşfiyyatı Mossadın media şəbəkəsini ifşa etdi

İran Kəşfiyyat Nazirliyi İsrailin casus təşkilatı Mossadla əlaqəli bir qrup media nümayəndəsini aşkar edərək, onların “Iran International” adlı televiziya kanalı vasitəsilə Tehrana qarşı həyata keçirdiyi psixoloji əməliyyatları ifşa edib.

Bu əməliyyat nəticəsində “Iran International” kanalının bir sıra əməkdaşlarının və İsraildə fəaliyyət göstərən media fiqurlarının kimlikləri və yaşayış yerləri müəyyən edilib. Tehran rəsmiləri əməliyyatı “düşmənin informasiya şəbəkəsinə qarşı strateji kəşfiyyat zərbəsi” adlandırıblar.

Tel-Əviv və Holonda gizli mərkəzlər ifşa olundu

İran mediasında yayımlanan məlumatlara əsasən, Mossadın “Iran International” vasitəsilə apardığı əməliyyatlar Tel-Əviv və Holon şəhərlərində yerləşən gizli mərkəzlərdən idarə olunub. Kəşfiyyat orqanları bu binaların dəqiq ünvanlarını və həmin məkanda çalışan şəxsləri müəyyənləşdirib.

İran televiziyasının yayımladığı kadrlarda “Iran International” kanalının əməkdaşı Babək Eshaginin Holonda Fabregat küçəsində, kanalın digər simalarından Meyr Cavedanfarın isə Tel-Əvivdə yaşadığı bildirilib.

Həmçinin 1979-cu il İslam İnqilabından əvvəl İsrailə qaçan və özünü “sionist” kimi təqdim edən sabiq iranlı jurnalist Menaşe Amir də ifşa edilən şəxslər arasında yer alıb. Onun Mossad tərəfindən “birbaşa tapşırıqla” fəaliyyət göstərdiyi iddia olunub.

İran tərəfi bildirib ki, İsrail ordusunun sözçülərindən biri olan Kamal Penhasi də Holonda yaşayır və onun fəaliyyətləri “yaxından izlənilir”. Əlavə olaraq, Holonun Deqaniya küçəsində “Iran International” əməkdaşlarının istifadə etdiyi binanın da müəyyən edildiyi açıqlanıb.

“Iran International” – informasiya müharibəsinin mərkəzi

İran rəsmiləri “Iran International” kanalını “sionist rejimin informasiya müharibəsində əsas alət” adlandırıblar. Bu televiziya xüsusilə 2023-cü ilin oktyabrında Qəzzada baş verən müharibə dövründə İsrailin hərbi əməliyyatlarını müdafiə edən yayınları ilə diqqət çəkmişdi.

Mossadla əlaqəsi olan şəxslərdən biri – Menaşe Əmir – Qəzzada 20 minə yaxın fələstinlinin həyatını itirdiyi hücumları “soyqırım kimi qəbul etmədiyini” bəyan etmiş, bu da hətta İran müxalifəti arasında belə qəzəb doğurmuşdu.

Bəzi iranlı jurnalistlər “Iran International” kanalını “Sionist rejimin təbliğat orqanı” və “terrorçu media qurumu” adlandırıblar.

Qlobal mediada rezonans doğurdu

ABŞ mərkəzli Axios portalının jurnalisti Barak Ravid də bu məsələ ilə bağlı açıqlamasında “Mossad bu media orqanını müntəzəm şəkildə informasiya müharibəsində istifadə edir” deyib.

İran mediası bu əməliyyatı ölkənin “kəşfiyyat qabiliyyətinin və psixoloji müharibəyə qarşı müdafiə gücünün” göstəricisi kimi qiymətləndirir.

Tehran bildirir ki, “Iran International” vasitəsilə aparılan təxribat kampaniyalarının ifşası ölkənin daxili təhlükəsizliyinə qarşı yönələn düşmən fəaliyyətlərinə ciddi zərbə vurub.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş