İslami: “Düşmənlər İranın nüvə sənayesində güclü olmasını istəmir”
İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bəyan edib ki, İranın inkişaf etmiş nüvə sənayesində fəal iştirak etməsi bir sıra düşmən dövlətləri narahat edir. Onun sözlərinə görə, Tehran hazırda bu sahədə “ön sırada dayanır” və əldə etdiyi nailiyyətlər ölkənin milli gücünün əsas dayaqlarından biridir.
İslami bildirib ki, illərdir İranın nüvə proqramı ilə bağlı Qərb dairələri tərəfindən “ədalətsiz və təhrif olunmuş bir rəvayət” formalaşdırılıb. O, bu narrativin təsirsizləşdirilməsi üçün ölkənin real uğurlarının aydın şəkildə nümayiş etdirilməsinin vacibliyini vurğulayıb. Rəhbərin fikrincə, bunun üçün həm texnoloji yeniliklərin təqdimatı, həm də sənayenin praktiki nəticələrinin geniş ictimaiyyətə çatdırılması mühüm rol oynayır.
“Qərb narrativi ilə mübarizə vacibdir”
İslami qeyd edib ki, İranın nüvə sahəsindəki irəliləyişləri bilərəkdən təhlükə kimi göstərən Qərb təbliğatına qarşı fəal mübarizə aparılmalıdır. O, beynəlxalq auditoriyaya yönəlik məlumatlandırmanın artırılmasının, nüvə proqramının sülh məqsədli xarakterinin vurğulanmasının və qanuni çərçivədə aparıldığının izah edilməsinin ölkə üçün strateji əhəmiyyət daşıdığını deyib.
Əraqçi: “İran bütün illüziyaları dağıtdı”
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin nüvə proqramına dair mövqeyini bir daha dəqiqləşdirmişdi. Onun sözlərinə görə, İran xalqı “işğalçı rejimin və Vaşinqtonun bütün xam xəyallarını puç edib”. Əraqçi bəyan edib ki, Tehran nüvə proqramını “Beynəlxalq Atom Enerjisi Agentliyinin qanunlarına” və beynəlxalq öhdəliklərinə uyğun şəkildə davam etdirir.
Nazir həmçinin vurğulayıb ki, İranın texnoloji və sənaye potensialını inkişaf etdirməsi regionda tarazlıq yaradan mühüm amildir və bu istiqamətdə heç bir təzyiq ölkənin iradəsini sındıra bilməz.
