İran ABŞ bazasına zərbə endirdiyini iddia edib
İran İnqilab Keşikçiləri Korpusu “Nəsr 2” əməliyyatının 26-cı mərhələsi çərçivəsində Küveytdə yerləşən Əl-Ədiri hərbi bazasında ABŞ-yə məxsus elektron müharibə bölməsinin məhv edildiyini bəyan edib.
Qurumun açıqlamasına görə, hücum zamanı bazadakı tibbi məntəqə də hədəfə alınıb, nəticədə ABŞ hərbçiləri arasında ölən və yaralananların olduğu iddia edilir.
Bəyanatda, həmçinin bazanın hava hərəkətinə nəzarət qülləsinin zərbə nəticəsində zədələndiyi bildirilib.
ABŞ-yə yeni ittihamlar səsləndirilib
İnqilab Keşikçiləri açıqlamasında Vaşinqtonu danışıqlar mövzusundan istifadə etməklə vaxt qazanmağa və hərbi potensialını yenidən bərpa etməyə çalışmaqda ittiham edib.
Bildirilib ki, İran ABŞ-nin “aldadıcı atəşkəs” vasitəsilə silah və enerji ehtiyatlarını yeniləməsinə imkan verməyəcək.
Britaniyaya sərt xəbərdarlıq
İran tərəfi bəyan edib ki, Böyük Britaniyanın Fairford aviabazasından havaya qalxan B-1 strateji bombardmançıları ABŞ-nin son əməliyyatlarında istifadə olunub.
İnqilab Keşikçiləri vurğulayıb ki, İrana qarşı hərbi əməliyyatlarda istifadə olunan istənilən xarici hərbi baza legitim hədəf hesab ediləcək.
Qurum Böyük Britaniyanı ABŞ-nin əməliyyatlarına dəstək verməməyə çağıraraq, bunun nəticələrinin Londona əlavə məsuliyyət yükləyəcəyini bildirib.
İran XİN də Britaniyanı tənqid edib
Bundan əvvəl İran Xarici İşlər Nazirliyi Böyük Britaniya hökumətinin ABŞ-yə hərbi bazalarından istifadə etməyə icazə verməsini pisləyib.
Nazirlik bəyan edib ki, İrana qarşı qanunsuz hərbi əməliyyatların hazırlanmasına və həyata keçirilməsinə hər hansı dəstək göstərilməsi təcavüz və müharibə cinayətlərində iştirak kimi qiymətləndirilə bilər.

