İran: 2231 saylı qətnamənin müddəti başa çatıb
İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubda bildirib ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi 18 oktyabr 2025-ci ildə öz qüvvəsini tam şəkildə itirib. Nazir vurğulayıb ki, bu, sənədin öz müddəalarına əsasən baş verib və onu yenidən aktivləşdirməyə yönələn hər hansı addım hüquqi baxımdan etibarsızdır.
“ABŞ beynəlxalq hüququ pozdu”
Əraqçinin sözlərinə görə, nüvə sazişi beynəlxalq ictimaiyyətin diplomatiyaya və çoxtərəfliliyə inamını təcəssüm etdirirdi. Lakin ABŞ əvvəlcə öhdəliklərini yerinə yetirməkdən imtina edib, daha sonra birtərəfli qaydada sazişdən çıxaraq qanunsuz sanksiyaları bərpa edib. Nazir bu addımları “beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulması” kimi qiymətləndirib.
O, Avropa dövlətlərini də saziş üzrə öhdəlikləri yerinə yetirməməkdə və əksinə, İranın fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq etməkdə ittiham edib.
İranın “məsuliyyətli davranışı”
İranın baş diplomatı qeyd edib ki, Tehran sazişi qorumaq və balansı bərpa etmək üçün maksimum diplomatik səylər göstərib. Bir il ərzində tam öhdəliklərini yerinə yetirdikdən sonra isə ölkə, sazişdə nəzərdə tutulan hüquqlarına əsaslanaraq, mərhələli və geri dönən kompensasiya addımlarına əl atıb.
“Düşmənçilik siyasəti danışıqları məhv etdi”
Əraqçi vurğulayıb ki, İranın məqsədi ABŞ və Avropa İttifaqını öhdəliklərinə qaytarmaq və bütün sanksiyaların ləğvinə nail olmaq idi. Lakin Vaşinqtonun və Avropa “troikasının” həddindən artıq tələbləri və sanksiyaları davam etdirməsi bu prosesi iflasa uğradıb.
Nazir həmçinin bildirib ki, İran Avropa tərəfi ilə, hətta ABŞ nümayəndələri ilə bir neçə dəfə məsləhətləşmələr aparsa da, bu səylər ölkənin dinc nüvə obyektlərinə qarşı təxribat və hücumlarla nəticələnib.
“Snapback” mexanizmini aktivləşdirmək cəhdi qanunsuzdur
Əraçi BMT-yə ünvanladığı məktubda Avropa ölkələrinin “snapback” mexanizmini birbaşa Təhlükəsizlik Şurası vasitəsilə aktivləşdirməyə cəhd etdiyini, bunun isə sazişdə nəzərdə tutulan mübahisə həll mexanizmini pozduğunu bildirib.
O qeyd edib ki, bu mexanizmin tətbiqi ilə bağlı bütün cəhdlər “həm formal, həm də hüquqi baxımdan əsassız və etibarsızdır”. Əraqçi əlavə edib: “Qətnamə 2231-ə zidd olaraq görülən hər hansı addım üzv dövlətlər üçün hüquqi öhdəlik yaratmır.”
BMT-nin roluna dair xəbərdarlıq
İranın XİN rəhbəri vurğulayıb ki, 2231 saylı qətnamə BMT baş katibinə və ya katibliyinə əvvəlki qərarları “bərpa etmək” səlahiyyəti vermir. Onun sözlərinə görə, bu istiqamətdə atılan hər hansı addım hüquqi qüvvəyə malik deyil və BMT-nin neytral idarəçilik prinsipləri ilə ziddiyyət təşkil edir.
Əraqçi əlavə edib ki, belə bir addım yalnız BMT Təhlükəsizlik Şurasının yeni və açıq qərarı ilə mümkün ola bilər.
Nazir həmçinin qeyd edib ki, Qoşulmama Hərəkatının 19-cu nazirlər toplantısında üzv dövlətlər 2231 saylı qətnamənin müddətinin vaxtında başa çatdığını təsdiqləyiblər. Təhlükəsizlik Şurasının 19 və 26 sentyabr 2025-ci il tarixli iclasları da “snapback” mexanizminin hüquqi əsasına dair üzvlər arasında konsensusun olmadığını göstərib.