İran Avstraliyanın SEPAH qərarına sərt etiraz edib
İran Xarici İşlər Nazirliyi Avstraliyanın İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “terrora dəstək verən qurumlar” siyahısına salmasını qətiyyətlə pisləyib. Tehran bildirib ki, bu addım “işğalçı rejimin Qəzzada həyata keçirdiyi soyqırımı ört-basdır etməyə” hesablanmış siyasi manipulyasiyadır.
Nazirlik bəyan edib ki, Avstraliyanın qərarı “İsrail rejiminə açıq dəstək” və işğalın cinayətlərini legitimləşdirməyə cəhd kimi qiymətləndirilir. Qeyd olunub ki, bu, regionda təhlükəli presedent yaradan, məqsədli şəkildə hazırlanmış siyasi addımdır.
“Qanunsuz, əsassız və beynəlxalq hüquqa zidd”
İran XİN Avstraliyanın qərarını “qeyri-qanuni, təhqiredici və tamamilə əsassız” adlandırıb. Nazirlik bildirib ki, belə bir addım dövlətlərin suverenliyinə hörmət prinsiplərini pozur və SEPAH haqqında iftira xarakterli ittihamlar yayır. Tehran Avstraliya hökumətinin bu qərarın bütün hüquqi və siyasi nəticələrinə görə məsuliyyət daşıdığını açıqlayıb.
Tehran: “Avstraliyanın İsrail xəttini təkrarlaması narahatlıq yaradır”
İran XİN bəzi Avstraliya siyasətçilərinin İsrailin mövqelərini təkrarlayaraq dezinformasiya yaydığını və bununla da Qəzzada törədilən cinayətlərin üstünü örtməyə çalışdığını bildirib. Nazirlik, bu siyasətçilərin mövqeyinin “İran əleyhinə uydurma iddialara” söykəndiyini vurğulayıb.
