İran ABŞ-ın raket ittihamlarını rədd etdi
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqaei ABŞ dövlət katibi Marko Rubionun İranın raket gücü ilə bağlı söylədiyi fikirləri sərt şəkildə tənqid edib. O, açıqlamanı “tamamilə əsassız və mənasız” adlandıraraq Vaşinqtonun bu mövzuda yaratmaq istədiyi təzyiq mühitinə qarşı çıxdı.
Bəqaei həftəlik mətbuat konfransında vurğulayıb ki, İran ilə ABŞ arasında birbaşa əlaqə yoxdur. O, əlavə edib ki, əgər “zəncirvari mexanizm” işə salınarsa, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə imzalanmış razılaşmanı ləğv olunmuş hesab edəcək.
XİN sözçüsü onu da bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçi Avropa troykası ölkələrinin və Avropa İttifaqının xarici siyasət rəhbəri ilə danışıqlar aparacaq.
“İsrailin hücumları Rubionun nəzarəti ilə həyata keçirilib”
İsrailin Qəzzaya qarşı hücumlarına toxunan Bəqaei, bu təcavüzlərin ABŞ-ın razılığı və birbaşa iştirakı olmadan baş verməsinin mümkünsüz olduğunu deyib.
Onun sözlərinə görə, İsrail ordusunun hücumları Rubionun işğal olunmuş ərazilərə səfəri ilə eyni vaxta təsadüf edib və bu da hadisələrin Vaşinqtonun dəstəyi ilə həyata keçirildiyini göstərir.
“Biz Suriya xalqının dostuyuq”
İran–Suriya münasibətlərinə də toxunan Bəqaei, əlaqələrin hər zaman Suriya xalqının iradəsinə əsaslandığını vurğulayıb:
“Biz Suriya xalqının dostlarıyıq. İstənilən hökumətlə münasibətlərin qurulması tələsmədən, Suriyanın bütün tərəflərinin iradəsinə hörmət edilərək aparılmalıdır”.
Bəqaei həmçinin İsrailin Suriyaya qarşı həyata keçirdiyi hücumları pisləyib, bu hücumların beynəlxalq hüquqa zidd olduğunu bildirib və ölkənin ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb.
İranın mövqeyi
Tehran bir daha bəyan edib ki, regiondakı siyasətində əsas prioritet müstəqillik və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipidir. ABŞ-ın təzyiqlərinə baxmayaraq, İran öz raket proqramını milli təhlükəsizlik məsələsi hesab edir və güzəştə getməyəcəyini açıq şəkildə nümayiş etdirir.