Tehran: ABŞ real danışıqlara hazır deyil
İran Xarici İşlər Nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt Rəvançi bildirib ki, “nəticəsi əvvəlcədən müəyyən edilmiş danışıqların heç bir mənası yoxdur”. Onun sözlərinə görə, ABŞ indiyədək ciddi və səmimi şəkildə danışıqlara başlamaq niyyətini göstərməyib.
Təxt Rəvançi qeyd edib ki, “İsrail”in İran ərazisinə hücumu ölkəsi ilə aparılan diplomatik prosesin ortasında baş verib və bu addım açıq şəkildə diplomatik səylərə xəyanət hesab olunur.
İran və Oman arasında nüvə danışıqları
Rəvançi bildirib ki, İran tərəfi son günlərdə nüvə proqramı ilə bağlı məsələləri Oman rəsmiləri ilə müzakirə edib. Görüşlər zamanı Tehran öz prinsipial və açıq mövqeyini bir daha bəyan edib. O, vurğulayıb ki, İran hər zaman beynəlxalq hüquq çərçivəsində diplomatik yolla qarşılıqlı anlaşmadan yana olduğunu nümayiş etdirib.
“Bizim nüvə silahımız müqavimət gücümüzdür”
Bundan əvvəl İran xarici işlər naziri Abbas Əraqçi də oxşar bəyanatla çıxış etmişdi. O, “bizim nüvə bombamız dünya gücləri qarşısında geri çəkilməmək və müqavimət göstərə bilmək qabiliyyətimizdir” deyə vurğulamışdı.
Əraqçinin sözlərinə görə, ABŞ-la yaranan əsas problem bu ölkənin “hakimiyyətpərəst və hegemon təbiəti”dir. Nazir əlavə edib ki, Vaşinqtonun hazırkı siyasəti fonunda iki ölkə arasında etimada əsaslanan dialoq üçün zəmin yoxdur.
Tehran rəsmiləri bir daha bildiriblər ki, İran dialoqa açıq olsa da, yalnız qarşılıqlı hörmət və real nəticələrə hesablanmış danışıqlar formatında iştirak edəcək.
