İran ABŞ-a yeni xəbərdarlıq edib
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr ABŞ-ın bölgədəki siyasətinin davam etməsinin ciddi nəticələrə səbəb olacağını bildirib.
O vurğulayıb ki, ABŞ-ın dəniz blokadasını davam etdirməsi və bölgədə gərginliyi artırması Hörmüz boğazının daha sərt şəkildə bağlanmasına, həmçinin digər strateji boğaz və su yollarının da bağlanmasına gətirib çıxara bilər.
“Bunun bədəlini dünya ödəyəcək”
İran rəsmisinin sözlərinə görə, bu siyasətin əsas zərərçəkənləri qlobal iqtisadiyyat, enerji bazarları və ABŞ administrasiyasının özü olacaq.
Zülqədr qeyd edib ki, Vaşinqtonun atdığı addımlar dünya enerji bazarında ciddi təlatümlərə səbəb ola və beynəlxalq ticarətə ağır təsir göstərə bilər.
Hörmüz boğazı ilə bağlı mövqe dəyişməyib
Xatırladaq ki, İranın Körfəzdə Gəmiçilik İdarəsi ötən gün ABŞ-ın hərbi fəaliyyətləri davam etdiyi müddətdə Hörmüz boğazından təhlükəsiz gəmi keçidinin mümkün olmadığını açıqlamışdı.
Bundan əvvəl isə İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın bölgədəki müdaxilələri dayandırılana qədər Hörmüz boğazının bağlı qalacağını bəyan etmişdi.
Bu qərardan sonra dünyanın əsas neft marşrutlarından biri hesab olunan Hörmüz boğazında gəmi hərəkəti kəskin azalıb, bir sıra tankerlər isə marşrutlarını dəyişmək və ya geri qayıtmaq məcburiyyətində qalıb.

