İordaniya sərhədində hücum: 2 israilli əsgər öldürüldü
İsrail təcili tibbi yardımı bu gün açıqlayıb ki, İordaniya ilə işğal altındakı Fələstin arasındakı “Əl-Lənbi” keçid məntəqəsində baş verən silahlı insident nəticəsində 2 israilli əsgər öldürülüb.
İsrail Ordusu Radiosunun məlumatına görə, hücumu həyata keçirən şəxs İordaniya ordusunun keçmiş hərbçisi olub. O, yük maşını idarə edərək keçid məntəqəsinə yaxınlaşıb və yaxın məsafədən atəş açaraq bıçaqla hücum edib.
Qəzzada partlayış: 4 ölü, 8 yaralı
İsrail mediası eyni gün Qəzza zolağında daha bir ağır hadisənin baş verdiyini bildirib. Əsgərləri daşıyan “Hummer” tipli hərbi maşında yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 israilli əsgər həlak olub, 8 nəfər isə yaralanıb.
Hadisənin baş verdiyi bölgənin “ordunun tam nəzarətində” olduğu bildirilsə də, İsrail mediası bunu “çox ağır və gözlənilməz itki” kimi qiymətləndirib.
Oxşar hücumlar
Qeyd edək ki, ötən ilin sentyabrında da İordaniyadan gələn yük maşını sürücüsü “Əl-Lənbi” keçid məntəqəsində oxşar silahlı hücum təşkil etmişdi. Həmin insidentdə 3 israilli əsgər öldürülmüşdü.
Son hadisələr isə həm sərhəd bölgəsində, həm də Qəzzada İsrail ordusunun təhlükəsizlik boşluqları ilə üzləşdiyini bir daha göstərir.