Instagram Reels Üçün “İzləmə Tarixi” Funksiyasını İstifadəyə Verdi

2 Dəq Oxuma Müddəti

Reels videolarını tapmaq indi daha asan olacaq

Instagram, istifadəçilərin əvvəlcə baxıb, lakin saxlamadıqları və ya sonradan yenidən izləmək istədikləri Reels videolarını tapmalarını asanlaşdırmaq üçün yeni “İzləmə Tarixi” (Watch History) funksiyasını istifadəyə verib.

Instagram-ın rəhbəri Adam Mosseri “Threads” platformasında yayımladığı açıqlamada bildirib ki, istifadəçilər artıq izlədikləri Reels videolarına keçmiş tarixdən də baxa biləcəklər. Mosserinin sözlərinə görə, bu funksiya uzun müddətdir istifadəçilərin ən çox tələb etdiyi yeniliklərdən biri idi, çünki bir çox insan daha əvvəl baxdığı videonu tapmaqda çətinlik çəkirdi.

Yeni funksiya “Ayarlardan” bölməsində yerləşir

İstifadəçilər izləmə tarixinə daxil olmaq üçün öz profillərinin “Your activity” (Fəaliyyətlərin) bölməsinə keçərək “Watch History” (İzləmə Tarixi) sekmesini seçə biləcəklər. Bu hissədə izlənilən bütün Reels videolarının siyahısı saxlanılacaq və istənilən vaxt yenidən baxmaq mümkün olacaq.

Bundan əvvəl Instagram-da istifadəçilər yalnız “Bəyəndiklərim”, “Paylaşılanlar” və ya “Yadda saxlanılanlar” bölmələrindən keçmiş videolarına baxa bilirdilər. Yeni xüsusiyyətlə isə artıq izlənilən bütün Reels videoları avtomatik şəkildə arxivdə görünəcək.

Filtr və sıralama imkanları da əlavə edilib

Instagram izləmə tarixini daha funksional etmək üçün filtr və sıralama alətləri də əlavə edib. İstifadəçilər videoları baxılma tarixinə, paylaşan hesabın adına və ya yenilik sırasına görə qruplaşdıra biləcəklər.

Bu yenilik həmçinin Instagram Reels lentində tez-tez baş verən avtomatik yenilənmə və “videonun itməsi” problemlərini aradan qaldırmağı hədəfləyir. Meta şirkəti ötən il bu “rug pull” adlanan texniki problemi aradan qaldırmaq və istifadəçi təcrübəsini sabitləşdirmək vədi vermişdi.

İstifadəçi təcrübəsinə müsbət təsir gözlənilir

Sosial media mütəxəssislərinin fikrincə, “İzləmə Tarixi” funksiyası platformada istifadəçi rahatlığını artıracaq və Reels izləmə müddətinin uzanmasına səbəb olacaq. Bu addım həm də Instagram-ın TikTok ilə rəqabətində mühüm üstünlük hesab olunur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş