İnanclı Gənc Təcridxanada Ölüm Təhlükəsi İlə Üz-Üzə: Elgiz Məmmədovun Səhhəti Təhlükədə

2 Dəq Oxuma Müddəti

Vəkil və ailə həyəcan təbili çalır

2 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Elgiz Məmmədovun səhhətinin ağır olduğu bildirilir. Ailə üzvləri və vəkili onun ağır şəkər xəstəliyindən əziyyət çəkdiyini, lakin lazımi tibbi yardım ala bilmədiyini qeyd edirlər.

Elgiz Məmmədovun vəkili Zibeydə Sadıqova sosial şəbəkələrdə paylaşım edərək, müvəkkilinin vəziyyətinin kritik həddə çatdığını bildirib. Onun sözlərinə görə, Penitensiar Xidmətin Baş İdarəsinin “qaynar xətt”inə də müraciət olunub.

“Yalnız yüngül dərmanlar verilir”

Elgiz Məmmədova yüksək şəkər diaqnozu qoyulmasına baxmayaraq, ona yalnız yüngül dərmanlar verilir. Ailə bildirir ki, o, geniş tibbi müayinədən keçirilməli və xüsusi müalicə preparatları ilə təmin olunmalıdır.

Hazırda gəncin şəkər göstəricilərinin pik həddə yüksəldiyi və bunun sağlamlığı üçün ciddi risk yaratdığı qeyd olunur.

Saxlanılma və ittiham

Elgiz Məmmədov 10 iyun 2025-ci ildə saxlanılıb. Ona qarşı narkotiklərlə bağlı cinayət işi açılıb və məhkəmə prosesi davam edir. O, ittihamları qəbul etmir və özünü təqsirsiz sayır.

Ailə qeyd edir ki, saxlanılarkən Elgiz tam sağlam olub və səhhətində hər hansı problem olmayıb. Bildirilir ki, onun səhhətindəki ciddi dəyişiklik məhz saxlanıldıqdan sonra baş verib.

Ailə cavab gözləyir

Elgizin ailə üzvləri müəssisə rəhbərliyi ilə görüşərək vəziyyətin ciddiliyini diqqətə çatdırdıqlarını bildirirlər. Onlara yaxın vaxtlarda məsələnin araşdırılacağı və saxlanılan şəxsin həkimlə təmin ediləcəyi vəd edilsə də, ailə bu günə qədər real nəticə görmədiyini bildirirlər

Hazırda ailə övladlarının həyatının təhlükədə olduğunu bildirərək, məsələ ilə bağlı təcili tədbir görülməsini tələb edir.

Rəsmi mövqe gözlənilir

Məsələ ilə bağlı Penitensiar Xidmət tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Tələblər müstəqil şəkildə təsdiqlənməyib.

Vəziyyətin ağır olduğu və vaxtında tibbi müdaxilə edilməzsə, ciddi nəticələrə səbəb ola biləcəyi bildirilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş