İmtahan Fırıldağı İfşa Olundu

3 Dəq Oxuma Müddəti

DİM-dən şübhəli nəticələrlə bağlı araşdırma

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 17-də yaydığı rəsmi açıqlamada bildirib ki, bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında xüsusi yoxlama alqoritmləri əsasında bəzi abituriyentlərin cavabları şübhəli hesab edilib. Bu səbəbdən həmin nəticələrlə bağlı əlavə və dərin araşdırma aparılıb.

Qurumun məlumatına görə, imtahan nəticələri elan edilərkən bu abituriyentlərin cavabları açıq şəkildə dərc olunmayıb. Onların şəxsi səhifələrində “Sizin imtahan nəticələriniz araşdırılır” qeydi yerləşdirilib. DİM vurğulayıb ki, bundan sonra növbəti imtahanlarda buraxılış rejimini həyata keçirən şəxslərə xüsusi tapşırıqlar verilib və nəzarət daha da gücləndirilib.

Gəncədə gizli texniki vasitələr aşkarlandı

Açıqlamada qeyd olunur ki, görülən əlavə tədbirlər nəticəsində Gəncə şəhərində keçirilən növbəti qəbul imtahanı zamanı bəzi abituriyentlərin üzərində gizli şəkildə informasiya almaq üçün nəzərdə tutulmuş texniki vasitələr aşkarlanıb. Bu vasitələrin imtahan zamanı cavabların ötürülməsi məqsədi daşıdığı bildirilir.

DİM-in məlumatına əsasən, nəticələri şübhə doğuran abituriyentlərin, eləcə də üzərlərində qadağan olunmuş texniki qurğular tapılan şəxslərin siyahısı hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.

11 abituriyent üçün “kömək planı”

Cinayət işinin materiallarına görə, bu iş üzrə qanunsuz kömək göstərilməsi nəzərdə tutulan abituriyentlərin sayı 11 nəfər olub. Araşdırma zamanı məlum olub ki, texniki cihazların gizlədilməsi üçün xüsusi ayaqqabılar hazırlanıb. Həmin ayaqqabıları hazırlayan pinəçi də istintaqa cəlb olunub və şahid qismində ifadə verib.

DİM-in açıqlamasında təqsirləndirilən şəxslər sırasında Gündüz Abbasovun və təhsil eksperti kimi tanınan Kamran Əsədovun adı çəkilir. İttiham aktına əsasən, onların qadağan olunmuş texniki vasitələrdən istifadə etməklə abituriyentlərin imtahanlardan “asanlıqla keçməsinə” yardım göstərmək üçün bəzi şəxslərdən müxtəlif məbləğlərdə pul aldıqları və bu vəsaiti öz aralarında bölüşdürdükləri iddia olunur.

Cavablar “vip smart” adlı qurğu ilə ötürülüb

Araşdırma materiallarında qeyd olunur ki, cavablar üzərində “vip smart” sözləri yazılmış, nazik plastik karta bənzəyən və üzərində heç bir düyməsi olmayan xüsusi qurğu vasitəsilə ötürülüb. Bildirilir ki, kartın üzərindəki nömrəyə zəng gəldikdə telefon avtomatik açılır və zəng edən şəxsin səsi birbaşa eşidilir.

Həbs və məhkəmə prosesi

Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Gündüz Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Kamran Əsədov barəsində isə başqa yerə getməmək haqqında iltizam tədbiri tətbiq olunub.

Dekabrın 12-də Gəncə şəhər Məhkəməsində təqsirləndirilən şəxslərlə bağlı hazırlıq iclası keçirilib və onların anket məlumatları dəqiqləşdirilib. İş üzrə baxış iclası dekabrın 19-na təyin olunub.

Rəsmi ittihamlarla bağlı təqsirləndirilən şəxslərin özlərindən və vəkillərindən münasibət almaq mümkün olmayıb. Lakin yaxınlarının bildirdiyinə görə, onlar irəli sürülən ittihamları qəbul etmirlər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş