Premyer Liqada 12-ci tura nöqtə qoyuldu
Misli Premyer Liqasının 12-ci turunun son oyun günündə iki qarşılaşma baş tutub. Masazırdakı oyunda “Sabah” ilə “Şamaxı” üz-üzə gəlib və tərəflər qolsuz heç-heçə ilə kifayətlənib. Günün əsas diqqət çəkən görüşü isə Bakıda keçirilib: “Neftçi” öz meydanında “İmişli”ni qəbul edib.
Neftçi – İmişli: qollu və gərgin oyun
“Palms Sports Arena”da keçirilən qarşılaşmada hesab çox tez açılıb. Cəmi 11-ci dəqiqədə Vensan Abubakar penalti zərbəsi ilə meydan sahiblərini önə çıxarıb. Lakin “İmişli” cavabı gecikdirməyib və 13-cü dəqiqədə Ezekiel Morqan dəqiq zərbə ilə hesabı bərabərləşdirib.
İkinci hissədə də tərəflər fəal hücumlarla yadda qalıb. 60-cı dəqiqədə Emin Mahmudovun uzaq məsafədən vurduğu zərbə ilə “Neftçi” yenidən hesabda önə keçib. Lakin qonaqlar bu dəfə də təslim olmayıb – 64-cü dəqiqədə Dioqo Rollo cərimə meydançasından dəqiq zərbə ilə yenidən tarazlığı bərpa edib.
Matçın həlledici qolu isə 85-ci dəqiqədə gəlib. Edvin Banquera sürətli hücumu düzgün tamamlayaraq “İmişli”yə 3:2 hesablı əzəmkar qələbə qazandırıb. Bununla da İmişli turnirin ən böyük sürprizlərindən birinə imza atıb.
Sabah – Şamaxı: qolsuz heç-heçə
Turun digər görüşündə Masazırda “Sabah” “Şamaxı”nı qəbul edib. Qapılara yol tapılmayan matç 0:0 hesabı ilə başa çatıb. İlk dövrədə Şamaxıda keçirilən qarşılaşmada “Sabah” 2:1 hesablı qələbə qazanmışdı.
Turun əvvəlki oyunları
12-ci turun digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
-
Karvan-Yevlax – Kəpəz: 1:2
-
Sumqayıt – Qarabağ: 2:4
-
Zirə – Qəbələ: 1:0
-
Araz-Naxçıvan – Turan Tovuz: 1:1
Bu nəticələrlə Premyer Liqada sıralama mübarizəsi daha da gərginləşib, xüsusilə orta və alt pillələrdə xal fərqi minimum həddə enib.
