Rəcəb ayında orucun fəziləti
Rəcəb ayı İslamda dəyərli və fəzilətli aylardan biri hesab olunur. Bu ayda yerinə yetirilən ibadətlər, xüsusilə də oruc tutmaq barədə çoxsaylı hədislər mövcuddur. Rəvayətlərdə bildirilir ki, bu ayda tutulan bir günlük oruc belə Allahın böyük razılığını qazandırır, ilahi qəzəbi uzaqlaşdırır və cəhənnəm qapılarının bağlanmasına səbəb olur.
Hədislərdə qeyd olunur ki, Rəcəb ayında ardıcıl olaraq cümə axşamı, cümə və şənbə günləri oruc tutmaq xüsusi savabla mükafatlandırılır. Bu fəzilət yalnız Rəcəb ayına deyil, digər haram aylara da şamil edilir. İslam alimləri bildirirlər ki, bu günlərdə oruc insanın mənəvi paklanmasına və Allaha yaxınlaşmasına mühüm təsir göstərir.
Rəcəb ayının 13-cü günü nə ilə əlamətdardır?
Rəcəb ayının 13-cü günü İslam tarixində ən mühüm günlərdən biri kimi tanınır. Məhz bu tarixdə, cümə günü, fil ilindən 30 il sonra, Kəbədə İmam Əli (ə) dünyaya göz açmışdır. Onun atası Əbu Talib ibn Əbdülmüttəlib, anası isə Haşim nəslindən olan Fatimə binti Əsəd olmuşdur. Bu baxımdan İmam Əli (ə) həm ata, həm də ana tərəfdən Haşimi nəsli ilə bağlıdır.
On üçüncü gecənin əməlləri
Rəcəb, Şaban və Ramazan aylarının hər birində ayın 13-cü gecəsi xüsusi ibadətlərlə seçilir. Bu gecələrdə iki rükət namaz qılınması müstəhəb hesab olunur. Alimlər bu namazların insanın mənəvi yüksəlişinə böyük töhfə verdiyini vurğulayırlar.
Rəcəb ayının 13-cü gecəsinə aid namaz
Rəvayətlərə əsasən, Rəcəb ayının 13-cü gecəsində iki rükət naməc qılınır. Hər rükətdə bir dəfə “Həmd”, “Yasin”, “Təbarəkəl-mülk” və “Tövhid” surələri oxunur. 14-cü gecədə bu namaz dörd rükət, 15-ci gecədə isə altı rükət olmaqla davam etdirilir. İmam Sadiqdən (ə) nəql olunan hədisdə bildirilir ki, bu ibadətləri yerinə yetirən şəxs bu üç ayın bütün fəzilətlərinə nail olar və şirkdən başqa bütün günahları bağışlanar.
Bəzi rəvayətlərdə isə Rəsulullahın (s) buyurduğu qeyd edilir: Rəcəb ayının 13-cü gecəsində on rükət namaz qılan və hər rükətdə müəyyən surələri oxuyan şəxsin günahları əfv edilər.
On üçüncü günün əməlləri və Əyyamul-biyzin başlanğıcı
Rəcəb ayının 13-cü günü Əyyamul-biyzin ilk günüdür. Bu gün və ondan sonrakı iki gündə oruc tutmağın böyük savabı vardır. Həmçinin “Ümmü Davud” əməllərini yerinə yetirmək istəyənlər üçün bu gün oruc tutmaq vacib şərtlərdən biri sayılır. Bu tarix həm də Kəbədə İmam Əlinin (ə) mövludu ilə əlamətdar olaraq İslam tarixində xüsusi yer tutur.
