Hələbdə təhlükəsizlik vəziyyəti nisbətən sabitləşir
Suriyanın Hələb vilayətində ötən gecə baş verən silahlı toqquşmalardan sonra şəhərdə həyatın tədricən normal məcraya qayıtdığı bildirilir. Hələb qubernatoru Əzzam əl-Qərib açıqlamasında qeyd edib ki, ordu ilə “Suriya Demokratik Qüvvələri” (SDQ) arasında yaşanan qarşıdurmalardan sonra vilayətin bir sıra məhəllələrində hərəkət və gündəlik həyat mərhələli şəkildə bərpa olunur. Toqquşmalar zamanı hər iki tərəfdən itkilərin olduğu təsdiqlənib.
Rəsmi məlumatlara görə, qarşılıqlı atəş nəticəsində azı 4 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Hadisələr əsasən Hələb şəhərinin şimal hissəsində yerləşən məhəllələrdə qeydə alınıb və yaşayış sahələrinə də ziyan dəyib.
Ölən və yaralananlar barədə məlumatlar
Daha əvvəl Hələb şəhəri Səhiyyə İdarəsinin mətbuat ofisinin məsul əməkdaşı Münir əl-Məhəmməd “Suriya Xəbər” kanalına açıqlamasında SDQ-nin yaşayış məhəllələrini atəşə tutması nəticəsində ölənlərin sayının 4 nəfərə, yaralananların isə 9 nəfərə yüksəldiyini bildirib. Onun sözlərinə görə, yaralıların bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Suriya rəsmi xəbər agentliyi SANA isə SDQ qüvvələrinin ağır pulemyot və mərmilərlə daxili təhlükəsizlik qüvvələrinin, Suriya ordusunun mövqelərini, eləcə də Əl-Əşrəfiyyə və Şeyx Məqsud məhəllələri ətrafındakı yaşayış sahələrini hədəfə aldığını xəbər verib.
Tərəflərin açıqlamaları ziddiyyətlidir
Suriya Müdafiə Nazirliyi SDQ-yə bağlı kanalların yaydığı “ordunun hücumu” iddialarını təkzib edib. Nazirlik bildirib ki, ordu yalnız SDQ-nin mülki əhalinin evlərini, onların hərəkətini və ordu ilə təhlükəsizlik qüvvələrinin yerləşdiyi nöqtələri hədəfə alan atəşinə cavab verir.
Bununla yanaşı, Suriya İnsan Haqları Müşahidə Mərkəzi isə əks mövqe sərgiləyib. Qurum yerli mənbələrə istinadən bildirib ki, Hələbin Cəmiliyyə məhəlləsinə düşən artilleriya mərmiləri Suriya Müdafiə Nazirliyinə bağlı hərbi mövqelərdən atılıb. Məlumata görə, mərmilər hərbi məhkəmə və hərbi polis ərazisindən, xüsusilə Əl-Feyd bölgəsindəki hərbi polis qərargahından atılıb. Bu hücum nəticəsində bir qadın həlak olub, evdə olan şəxslərdən bəziləri isə ağır yaralanıb.
Ehtiyatlı sakitlik və hərbi hərəkətlilik
Son hadisələrdən sonra Hələb şəhərinin bir sıra məhəllələrində ehtiyatlı sakitlik müşahidə olunur. Kürd muxtar idarəsinə bağlı daxili təhlükəsizlik qüvvələri – “Asayiş” rəhbərliyi gərginliyin azaldılması məqsədilə qüvvələrinə cavab atəşini dayandırmaq barədə göstəriş verdiyini açıqlayıb. Bu addım tərəflər arasında aparılan sakitləşdirmə danışıqları fonunda atılıb.
Bununla yanaşı, gecə saatları ərzində təmas xətlərində hərbi cəmləşmənin artdığı bildirilir. SDQ qüvvələrinin Rəqqa vilayətinin Qanim əl-Əli oxu və Hələb kəndinin Deyr Hafir istiqamətinə ağır silahlarla təchiz olunmuş “komando” dəstələri göndərdiyi qeyd olunur.
Suriya İnsan Haqları Müşahidə Mərkəzinin məlumatına görə, son toqquşmalar nəticəsində ümumi itki sayı 25 nəfərə çatıb. Onların arasında Şeyx Məqsud məhəlləsində həlak olan bir qadın, hökumətin nəzarətində olan ərazilərdə ölən ana və övladı, həmçinin Milli Ordunun 60-cı briqadasına aid bir döyüşçü var. Şəhərin müxtəlif bölgələrində isə 23 nəfər yaralanıb.
