Human Rights Watch: İsrailin Cənubi Livandakı Hücumları Müharibə Cinayətidir

2 Dəq Oxuma Müddəti

Sionist rejimin hücumları yenidənqurmaya zərbə vurur

Human Rights Watch (HRW) təşkilatı İsrail ordusunun Cənubi Livanda mülki obyektlərə və yenidənqurma işlərində istifadə olunan avadanlıqlara qarşı həyata keçirdiyi hücumların beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğunu açıqlayıb. Təşkilat bu hücumların açıq şəkildə müharibə cinayətləri kateqoriyasına daxil edildiyini vurğulayıb.

HRW-nin yaydığı hesabatda bildirilir ki, İsrail ordusu sərhəd bölgələrində yerləşən bir çox yaşayış məntəqəsini demək olar ki, tamamilə dağıdıb. Hazırda isə əsas məqsədin həmin ərazilərin bərpasını və yerli əhalinin öz yurdlarına qayıdışını əngəlləmək olduğu qeyd olunur. Təşkilatın fikrincə, bu cür hərəkətlər mülki əhaliyə qarşı kollektiv cəza xarakteri daşıyır.

360-dan çox ağır texnika məhv edilib

Human Rights Watch-un məlumatına görə, İsrailin hava zərbələri nəticəsində Cənubi Livanda 360-dan çox ağır texnika sıradan çıxarılıb. Bunlara ekskavatorlar, buldozerlər, yol-tikinti maşınları, eləcə də asfalt və sement istehsalı ilə məşğul olan zavod daxildir. Həmin texnikalar əsasən dağıdılmış yaşayış məntəqələrinin bərpası üçün istifadə olunurdu.

Təşkilat vurğulayır ki, bu hücumlar bölgədə infrastrukturun bərpasını ciddi şəkildə ləngidir və minlərlə insanın normal həyata qayıtmaq imkanlarını məhdudlaşdırır. HRW bunu beynəlxalq hüquqa zidd, məqsədli və sistemli bir strategiya kimi dəyərləndirir.

Hərbi hədəflərə dair heç bir sübut yoxdur

Hesabatda xüsusi olaraq qeyd edilir ki, İsrailin bombardman etdiyi ərazilərdə hərbi hədəflərin mövcudluğuna dair heç bir sübut aşkarlanmayıb. Eyni zamanda, hədəf alınan mülki avadanlıqların Hizbullah tərəfindən hərbi məqsədlərlə istifadə edildiyini təsdiqləyən faktlar da mövcud deyil.

Human Rights Watch bildirir ki, hətta mülki texnikanın Hizbullahla əlaqəsi olan şəxslərə satılması və ya onlar tərəfindən texniki xidmət göstərilməsi belə, həmin obyektləri legitim hərbi hədəfə çevirmir. Beynəlxalq humanitar hüquqa əsasən, mülki obyektlər yalnız birbaşa hərbi məqsədlər üçün istifadə edildiyi halda hədəf alına bilər.

Atəşkəs və beynəlxalq hüquq pozulur

İsrail ordusu Cənubi Livanın müxtəlif bölgələrinə hücumlarını davam etdirməklə 27 noyabr 2024-cü ildə elan edilmiş “hərbi əməliyyatların dayandırılması haqqında bəyanat”ı, həmçinin BMT Təhlükəsizlik Şurasının 2006-cı ilin avqustunda qəbul etdiyi 1701 saylı qətnaməni pozur. Bu hücumlar Livanın suverenliyinə və beynəlxalq hüquq normalarına zidd hesab olunur.

Human Rights Watch beynəlxalq ictimaiyyəti İsrailin bu hərəkətlərinə hüquqi qiymət verməyə və məsul şəxslərin cavabdehliyini təmin etməyə çağırıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş