Honq-Konqda Böyük Faciə: Yaşayış Kompleksində Yanğın 36 Can Aldı

2 Dəq Oxuma Müddəti

Honq-Konqda dəhşətli yanğın: 36 nəfər həlak oldu

Çinin Honq-Konq Xüsusi İnzibati Rayonu olan Tai Po bölgəsində yerləşən 8 binadan ibarət iri yaşayış kompleksində çərşənbə günü axşam saatlarında baş verən böyük yanğın faciə ilə nəticələnib. South China Morning Post-un məlumatına görə, hadisə zamanı 36 nəfər həyatını itirib, 7-si ağır olmaqla 29 nəfər yaralanıb.

Yanğın təxminən 1900 mənzilin yerləşdiyi kompleks boyunca sürətlə yayılıb. Bunun əsas səbəbi binaların təmiri üçün fasadlara quraşdırılmış bambuk sistemlərinin alovu asanlıqla ötürməsi olub.

Onlarla sakinlə əlaqə kəsilib

Hadisə zamanı yüzlərlə sakin təxliyə edilsə də, Honq-Konq rəhbərliyi 279 nəfərlə hələ də əlaqə qurulmadığını açıqlayıb. Rəsmilər bildiriblər ki, yanğının başladığı binada insanların içəridə qaldığına dair çoxlu məlumat daxil olub.

Baş icraçı Con Li Ka-çyiu bildirib ki, yanğın “tədricən nəzarət altına alınır”. Eyni zamanda, yaxınlıqdakı iki yaşayış kompleksi də təhlükəsizlik məqsədilə təxliyə edilib. Sakinlərin gecələməsi üçün ictimai məkanlar istifadəyə verilib.

Kütləvi səfərbərlik: 800-dən çox xilasedici ərazidədir

Rəsmilərin verdiyi məlumata görə, kompleksdəki bütün binalara alov sıçrayıb. Yanğının söndürülməsi üçün 140-dan çox yanğınsöndürən maşını və 800-dən artıq xilasedici və tibb işçisi əraziyə cəlb olunub. Nəqliyyat Nazirliyi bəyan edib ki, yanğın səbəbilə ətraf yollara giriş bağlanıb.

Pekindən dəstək göstərişi

Çin Prezidenti Si Cinpin hadisə ilə bağlı ciddi narahatlıq ifadə edib və Pekinin Honq-Konq və Makao İşləri Ofisinə yerli hökumətə dəstək göstərilməsi barədə göstəriş verdiyini bildirib.

Honq-Konqda 17 ildən sonra ilk dəfə ən yüksək — 5-ci səviyyə yanğın siqnalı elan olunub. Təxminən 4 min sakinin yaşadığı kompleksdə yanğının səbəbi hələ də müəyyən edilməyib.

Yanğınsöndürmə briqadalarının ərazidə işi davam edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş