Sionist rejimlə danışıqların dayandırılması tələb olunub
Livan parlamentində təmsil olunan “Müqavimətə Sədaqət” bloku növbəti iclasından sonra yaydığı bəyanatda hökuməti işğalçı İsraillə danışıqları dayandırmağa çağırıb.
Blok bildirib ki, mövcud danışıqlar prosesi Livana nə təhlükəsizlik, nə də sülh qazandırıb, əksinə, ölkənin hüquqlarının və suverenliyinin zəifləməsinə səbəb olub.
“Güzəştlər siyasətinə son qoyulmalıdır”
Bəyanatda işğalçı İsrailin atəşkəs razılaşmasını davamlı şəkildə pozduğu vurğulanaraq, Livan hakimiyyətinin yürüdüyü siyasət tənqid edilib.
Qeyd olunub ki, işğalçı İsrailin cənubdakı Əl-Mənsuri qəsəbəsinin sakinlərini ərazini tərk etməyə məcbur etməsi hazırkı siyasətin nəticəsiz olduğunu göstərir.
Blok ABŞ səfirinin Roma danışıqları ilə bağlı son açıqlamalarına da toxunaraq, bunun işğalçı İsrailin vaxt udmağa çalışdığını nümayiş etdirdiyini bildirib.
İş adamı ilə bağlı hüquqi tədbir istənilib
“Müqavimətə Sədaqət” bloku livanlı iş adamı Anton Səhnəvinin işğalçı İsrailin baş naziri və onun həyat yoldaşı ilə görüşünü də tənqid edib.
Bəyanatda bu görüşün Livan cəmiyyətini təhqir etdiyi bildirilib və səlahiyyətli orqanlardan onun barəsində hüquqi tədbirlərin görülməsi tələb olunub.
İqtisadi böhran və regional hadisələr
Blok ölkədə iqtisadi böhranın dərinləşdiyini, korrupsiya, siyasi bölgü və qeyri-şəffaf razılaşmaların vəziyyəti daha da ağırlaşdırdığını qeyd edib. Hökumətə maliyyə siyasətini yenidən nəzərdən keçirmək və əhalinin sosial yükünü azaltmaq üçün təcili addımlar atmaq çağırışı edilib.
Bəyanatda ABŞ-nin İrana qarşı siyasəti və işğalçı İsrailin Qəzza zolağı ilə İordan çayının qərb sahilində davam edən hərbi əməliyyatları da pislənilib.

