Hizbullah: Müqavimət Haqqımızı Qoruyacağıq, Danışıqlar Tələsinə Düşməyəcəyik

3 Dəq Oxuma Müddəti

Hizbullahdan rəhbərlərə və xalqa açıq məktub

Hizbullah Livan Prezidenti, Parlament sədri, Baş nazir və xalqına ünvanladığı açıq məktubda ölkənin təhlükəsizlik, suverenlik və müdafiə məsələlərinə dair mövqeyini açıqlayıb. Təşkilat bəyan edib ki, silahın yalnız dövlətə məxsus olması məsələsi nə xarici istəklər, nə də İsrailin şantajı ilə müzakirə edilə bilər. Bu məsələ yalnız milli konsensus və ümummilli müdafiə strategiyası çərçivəsində gündəmə gətirilə bilər.

Məktubda qeyd olunur ki, “İsrail təkcə Hizbullahı deyil, bütün Livanı hədəf alır”. Məqsədin Livanın müqavimət gücünü zəiflətmək və onu siyasi təzyiqlərlə öz maraqlarına tabe etdirmək olduğu vurğulanır. Hizbullah bu vəziyyətə qarşı vahid milli mövqe sərgiləməyin zəruriliyini önə çəkib.

“Təhlükəli danışıqlardan uzaq durmaq lazımdır”

Bəyanatda Hizbullah “bəzi beynəlxalq dairələrin Livanı danışıqlara cəlb etmək cəhdlərini” təhlükəli tələ kimi qiymətləndirib. Sənəddə qeyd olunur:

“İsrail hər zaman öz maraqlarını təmin edir, lakin öhdəliklərinə əməl etmir. ABŞ tərəfindən dəstəklənən bu aqressiv düşmənlə real sülh və ya qarşılıqlı etimad mümkün deyil.”

Hizbullah bildirib ki, Livanın hazırkı prioriteti İsrailin təcavüzünü dayandırmaq və atəşkəsin icrasına nəzarət etməkdir. Siyasi danışıqlar adı altında yeni güzəştlərə getmək isə “ölkənin mövcudluğunu təhlükəyə atar”.

“Müqavimət bizim qanuni haqqımızdır”

Məktubda təşkilat açıq şəkildə vurğulayıb:

“Biz işğala qarşı müqavimət göstərməkdə, ordumuz və xalqımızla birlikdə dövlətimizin suverenliyini qorumaqda qanuni hüququmuzdan istifadə edirik. Müdafiə haqqı ‘sülh və ya müharibə qərarı’ kimi təqdim edilə bilməz.”

Hizbullah həmçinin Livan xalqının fədakarlığını və səbrini yüksək qiymətləndirib:

“Biz xalqımızın ədalət və azadlıq arzularını həyata keçirmək üçün qətiyyətli qalacağıq. Torpağımızı, şəhidlərimizin qanını və gələcək nəsillərin şərəfini qoruyacağıq.”

“Atəşkəsə sadiqik, amma İsrail öhdəliklərini pozur”

Hizbullah xatırladıb ki, Livan hökuməti və təşkilatın özü 27 noyabr 2024-cü il tarixli atəşkəs bəyanatının tələblərinə ciddi şəkildə əməl edib. Lakin İsrail “bütün çağırışlara baxmayaraq” hava, dəniz və quru sərhədlərində pozuntulara davam edir.

Bəyanatda qeyd olunur ki, bu atəşkəs BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icra mexanizmi kimi qəbul edilmişdi və İsrail ordusunun Litan çayının cənubundan geri çəkilməsini nəzərdə tuturdu. Buna baxmayaraq, işğalçı qüvvələr həmin ərazilərdə qalmaqda israrlıdır.

Hizbullahın məktubu Livanda milli həmrəyliyin və suverenliyin qorunması üçün çağırışla yekunlaşır:

“Bu gün vahid mövqe və milli birlik günüdür. Biz nə təslim olacağıq, nə də silahımızı düşmənin arzusuna qurban verəcəyik.”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş