Hizbullah: Müqaviməti Silahsızlaşdırmaq Livanı Suriyadakı Faciəyə Aparar

2 Dəq Oxuma Müddəti

Silahsızlaşdırma barədə xəbərdarlıq

Livan parlamentində “Müqavimətə sədaqət” fraksiyasının üzvü Həsən Əzzəddin ölkənin cənubundakı Əldüvəyir qəsəbəsində keçirilən məzuniyyət mərasimində çıxış edərək bildirib ki, müqavimətin silahını əlindən almaq Livanın özünü müdafiə gücünü məhv etmək deməkdir. Onun sözlərinə görə, bu addım İsrail rejiminin yeni torpaq işğalları üçün zəmin yarada və Suriyada yaşanan hadisələrin eynisini Livana da gətirə bilər.

“Silah Livanın gücüdür”

Deputat qeyd edib ki, müqavimətin əlindəki silah Livan üçün bir güc hesab olunur. O, 2017-ci ildə Livan ordusunun həmin silahdan istifadə edərək terrorçu-təkfirçi qruplara qarşı mübarizə apardığını xatırladıb. Bu gün də həmin qruplar ölkə üçün təhlükə olaraq qalır. Əzzəddin əlavə edib ki, bu silah yalnız Hizbullah rəhbərliyinə və döyüşçülərinə deyil, həm də Livan xalqına aid bir əmanətdir: “Bu xalq düşmən qarşısında təslimiyyəti qəbul etmir.”

İctimai rəydə üstün mövqe

Beynəlxalq İntellekt Araşdırmaları Mərkəzinin avqustun 21–26-da keçirdiyi sorğuya əsasən, Livan vətəndaşlarının böyük əksəriyyəti Hizbullahın silahsızlaşdırılmasına qarşıdır. Min nəfərin qatıldığı sorğuda iştirakçıların 58 faizdən çoxu İsrailin işğal olunmuş ərazilərdən geri çəkiləcəyi və təcavüzlərini dayandıracağına real zəmanət verilməyincə müqavimətin silahının təhvil verilməsinə qarşı çıxdı. Yalnız 34 faiz buna dəstək verdiyini, 7 faiz isə mövqesiz olduğunu bildirib.

Hizbullah silahdan imtina edəcəkmi?

Sorğuda həmçinin “Hizbullah zəmanət olmadan silahını təslim edərmi?” sualına cavab axtarılıb. Nəticəyə görə, 81 faizdən çox iştirakçı Hizbullahın heç vaxt bu addımı atmayacağını bildirib. Yalnız 6 faiz ehtimal edib ki, təşkilat müəyyən şərtlər olmadan da silahını təhvil verə bilər.

İctimaiyyətin yekun mövqeyi

Ümumilikdə sorğunun nəticələri göstərib ki, Livan əhalisinin təxminən 60 faizi müqavimətin silahından imtinanı ölkənin təhlükəsizliyi üçün riskli sayır. Bundan əlavə, 63 faizdən çox insan hesab edir ki, Hizbullah silahsızlaşdırılsa belə, İsrail nə cənubdakı mövqelərindən geri çəkiləcək, nə də hücumlarını dayandıracaq.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş