Hizbullah İslamabadda Məscidə Edilən Hücumu Pislədi: Terrorçu Təfəkkür Fitnə Yaymaq Üçün İstifadə Olunur

2 Dəq Oxuma Müddəti

Hizbullahdan kəskin bəyanat

Hizbullah Pakistanda baş verən qanlı terror aktını sərt şəkildə pisləyib. Təşkilatın yaydığı rəsmi bəyanatda bildirilib ki, paytaxt İslamabad şəhərində yerləşən “Xədicə əl-Kübra” məscidini hədəf alan partlayış “təkfirçi terrorçuların əli ilə” törədilib və bu hücum cümə namazı zamanı baş verib.

Bəyanatda qeyd olunub ki, hücum nəticəsində onlarla insan həlak olub, çox sayda dinc sakin isə yaralanıb. Hizbullah bu terror aktını “xain və alçaq hücum” kimi qiymətləndirib.

“Təkfirçi ideologiya təhlükəli alətdir”

Hizbullahın bəyanatında vurğulanıb ki, azğın təkfirçi ideologiya müxtəlif ölkələrdə qan tökməyə susamış cinayətkar qrupları bir araya gətirir və fərqli düşünən hər kəsi hədəfə alır. Bildirilib ki, bu ideologiya hər zaman “dünya hegemonları və təkəbbürlü güclər” tərəfindən istədikləri vaxt işə salınan təhlükəli alət rolunu oynayır.

Təşkilatın fikrincə, bu cür terror aktlarının əsas məqsədi fitnə-fəsad törətmək, ölkələri və cəmiyyətləri parçalamaq, təhlükəsizlik və sabitliyi sarsıtmaqdır.

Terror hər kəsi hədəf alır

Bəyanatda xüsusi olaraq qeyd edilib ki, terrorçu düşüncə yalnız müəyyən bir qrup və ya məzhəbi deyil, haqqın yanında yer alan hər kəsi hədəf alır. “Bu təhlükə dinindən, milliyyətindən və irqindən asılı olmayaraq bütün insanlara yönəlib”, – deyə sənəddə vurğulanıb.

Hizbullah hesab edir ki, mövcud təhlükə ilə mübarizə yalnız lokal tədbirlərlə məhdudlaşmamalıdır və bu istiqamətdə genişmiqyaslı əməkdaşlıq zəruridir.

Ərəb və İslam ölkələrinə çağırış

Təşkilat ərəb və İslam ölkələrini təhlükəsizlik, ideoloji, maarifləndirmə, mədəni və dini sahələrdə tam koordinasiyalı fəaliyyətə çağırıb. Bəyanatda bildirilib ki, yalnız bu yolla terrorçu ideologiyanı kökündən məhv etmək və cinayətkarları cəmiyyətlərdən təcrid etmək mümkündür.

Hizbullah vurğulayıb ki, ekstremist düşüncəyə qarşı mübarizə gecikdirildikcə, yeni faciələrin baş vermə ehtimalı artır.

Rəsmi məlumat: ölən və yaralananlar var

Qeyd edək ki, Pakistan polisi daha əvvəl İslamabadda məscidi hədəf alan partlayış nəticəsində azı 31 nəfərin həyatını itirdiyini, 130-dan çox şəxsin isə yaralandığını açıqlamışdı. Hadisə ilə bağlı istintaq davam edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş