Hersoqdan Netanyahunun əfv müraciətinə sərt reaksiya
“İsrail” prezidenti İsaak Hersoq baş nazir Benyamin Netanyahu tərəfindən göndərilən əfv müraciətinə münasibət bildirərək qərar verərkən yalnız “İsrailin” və israillilərin maraqlarını əsas götürəcəyini açıqlayıb. Onun sözlərinə görə, bu addım cəmiyyətdə geniş müzakirələrə və narahatlığa səbəb olub.
Hersoqun ofisi tərəfindən yayılan açıqlamada qeyd olunub ki, son günlər güclənən “sərt və aqressiv ritorika” prezidentin mövqeyini dəyişdirməyəcək:
“Əfv müraciəti dəqiqliklə və tam aydınlıqla araşdırılacaq”.
Netanyahunun təklif etdiyi mümkün “siyasi barter”
“İsrail Hayom” qəzeti Netanyahunun müraciəti ilə bağlı əlavə detallar yayıb. Nəşrin məlumatına görə, baş nazir əfvin ona “ictimai birliyi möhkəmləndirmək” üçün lazım olduğunu iddia etsə də, arxa planda daha geniş siyasi razılaşmanın siqnalları görünür.
Qəzet yazır ki, Netanyahu əfvin verilməsi müqabilində son aylarda ölkədə böyük gərginlik yaradan məhkəmə islahatlarının ləğvini təklif edə bilər. Belə ki, müraciətdə əfv alacağı təqdirdə yalnız israillilərin birliyinə çalışmayacağı, həm də məhkəmə sistemi və media ilə bağlı əlavə məsələlərlə məşğul ola biləcəyi qeyd olunur.
Məhkəmə islahatlarından geri çəkilmə mesajı?
“İsrail Hayom”un analizinə görə, Netanyahu bu ifadələrlə əslində məhkəmə islahatlarından geri addım ata biləcəyini göstərir. Bu isə onun əvvəlki mövqeyinə — radikal dəyişiklikləri dəstəkləməyən düşərgəyə — qayıtması kimi qiymətləndirilir.
Qəzet hesab edir ki, Netanyahu əfv qarşılığında öz siyasi kursunu yumşaltmağa və mübahisəli dəyişikliklərdən imtina etməyə hazır olduğunu dolayı yolla bəyan edir. Bu isə ölkədə uzun müddət davam edən siyasi və hüquqi gərginliyin istiqamətini dəyişə bilər.
