HƏMAS və “İslami Cihad”dan ABŞ Addımına Etiraz

2 Dəq Oxuma Müddəti

“Efrat”dakı qərara sərt reaksiya

HƏMAS ABŞ-ın Qərbi Sahildə yerləşən “Efrat” məskunlaşma məntəqəsində konsulluq xidmətləri göstərməsi qərarını pisləyib. Hərəkat bu addımın ilhaq və məskunlaşma siyasətinin legitimləşdirilməsi kimi qiymətləndirildiyini bildirib.

Bəyanatda qeyd olunub ki, sözügedən addım işğalın Qərbi Sahil üzərində nəzarətini möhkəmləndirən praktiki tanınma xarakteri daşıyır. HƏMAS ABŞ-ın rəsmi bəyanatlarında ilhaqa qarşı olduğunu bildirməsinə baxmayaraq, sahədə atılan addımların bunun əksini göstərdiyini vurğulayıb.

Hərəkatın fikrincə, məskunlaşma ərazilərində rəsmi xidmətlərin göstərilməsi beynəlxalq hüququn pozulmasıdır və yeni siyasi reallıqların formalaşdırılmasına yönəlib.

“Sakit ilhaqın şərikliyi” ittihamı

“İslami Cihad” hərəkatı da analoji mövqe sərgiləyərək bildirib ki, ABŞ-ın bu addımı beynəlxalq konvensiyalara ziddir və məskunlaşma siyasətinə açıq dəstəkdir.

Hərəkatın açıqlamasında qeyd olunub ki, məskunlaşma məntəqələrində rəsmi xidmət göstərilməsi sadə inzibati prosedur deyil, siyasi və hüquqi baxımdan həmin ərazilərin legitimləşdirilməsi anlamına gəlir. Bu isə “sakit ilhaq” siyasətinin bir hissəsi kimi dəyərləndirilib.

Vaşinqtonun mövqeyi müzakirə mövzusu

Açıqlamada həmçinin bildirilib ki, bu qərar ABŞ administrasiyasının ilhaq planlarında birbaşa tərəfdaş kimi çıxış etməsi deməkdir. Hərəkat Donald Trampın Qərbi Sahilin ilhaqına qarşı olduğu barədə açıqlamalarını isə ziddiyyətli mövqe kimi qiymətləndirib.

“İslami Cihad” ABŞ-ın İsraildəki səfiri Mayk Hakabinin son açıqlamalarını da xatırladaraq, Vaşinqtonun məskunlaşma siyasətinə dəstək verdiyini iddia edib.

Beynəlxalq çağırış

HƏMAS və “İslami Cihad” beynəlxalq ictimaiyyəti və təşkilatları məsələ ilə bağlı mövqe bildirməyə və Qərbi Sahildə məskunlaşma siyasətinin qarşısını almaq üçün təzyiq göstərməyə çağırıb.

Qeyd edək ki, məsələ regionda gərginliyin artdığı və Qəzza ilə Qərbi Sahildə vəziyyətin həssas olaraq qaldığı bir vaxta təsadüf edir. ABŞ tərəfi isə hələlik ittihamlarla bağlı rəsmi açıqlama verməyib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş