Seçkilər son mərhələdə
Hamas daxili seçkilərin yekun mərhələsinə daxil olub. Məlumata görə, təşkilatın siyasi bürosuna rəhbərlik uğrunda əsas mübarizə iki tanınmış fiqur – Xalid Məşəl və Xəlil əl-Həyyə arasında gedir.
Hərəkatın rəsmisi bildirib ki, üç əsas bölgədə daxili seçkilər artıq başa çatıb və indi siyasi büro sədrinin müəyyənləşdirilməsi mərhələsi yekunlaşmaq üzrədir. Yeni rəhbərin adının böyük ehtimalla Ramazan ayı ərzində açıqlanacağı gözlənilir.
Birillik keçid dövrü
“Daxili legitimliyin yenilənməsi”
Mənbələrə görə, yeni sədr bir illik istisna müddət üçün seçiləcək. Daha sonra təşkilatın şura və rəhbər strukturları üçün dördillik yeni seçkilər keçiriləcək.
Rəsmi açıqlamalarda qeyd olunub ki, seçkilərin məqsədi daxili legitimliyin yenilənməsi və son dövrdə hədəfli hücumlar nəticəsində yaranmış rəhbərlik boşluqlarının doldurulmasıdır.
Yeni rəhbəri gözləyən çətinliklər
Yeni sədr beynəlxalq təzyiqlər fonunda mürəkkəb qərarlar verməli olacaq. Xüsusilə ABŞ və İsrail tərəfindən hərəkatın silahsızlaşdırılması ilə bağlı çağırışlar səslənir.
HƏMAS isə indiyədək silahların təhvil verilməsi ilə bağlı şərtləri qəbul etməyib, lakin hakimiyyətin ötürülməsi prosesini asanlaşdıracağını bəyan edib.
Namizədlər kimlərdir?
Xalid Məşəl 1956-cı ildə Qərb Sahilində anadan olub və HƏMAS-ın xaricdəki rəhbəri kimi fəaliyyət göstərir. O, daha əvvəl siyasi büroya rəhbərlik edib və təşkilat daxilində “pragmatik” xəttin təmsilçisi kimi qiymətləndirilir.
Xəlil əl-Həyyə isə 1960-cı ildə Qəzza şəhərində doğulub. O, Qəzza sektorunda hərəkatın rəhbərlərindən biridir və danışıqlar heyətinə başçılıq edir. Mənbələrə görə, o, hərbi qanadın dəstəyinə malikdir.
Son rəhbərlik dəyişiklikləri
Xatırladaq ki, 2024-cü ilin iyulunda sabiq rəhbər İsmayıl Həniyyə şəhid olduqdan sonra hərəkatın rəhbərliyi Yəhya Sinvara keçmişdi. O da həmin ilin oktyabrında Qəzza sektorunun cənubunda baş verən toqquşmada şəhid edilmişdi.
Bundan sonra HƏMAS beş nəfərdən ibarət rəhbərlik şurası formalaşdırmışdı.
Beləliklə, təşkilat qarşıdakı günlərdə yeni siyasi rəhbərini müəyyənləşdirərək növbəti mərhələyə keçməyə hazırlaşır.
